
Müstəqilliyimizi tanıyan ilk dövlət – Türkiyə! Azərbaycana qardaş ölkə - Türkiyə! Dar günümüzdə kömək uma bilcəyimiz yeganə məmləkət – Türkiyə! Bu nidaların sırası uzun da ola bilərdi və biz bunu çox arzulayırdıq... Fəqət RəcəbTayyib Ərdoğan imkan vermədi...
Sovetlər imperiyası dağılandan sonra türk ölkələrində - xüsusilə də Azərbaycanda türkçülük ideyası geniş vüsət aldı və bu, türk ölkələrində ümumiləşərək vahid Turan dövlətinin yaradılması anlamına gəlməyə başladı. Təbii ki, bu ideyanın avanqardı və ilhamvericisi Türkiyə idi. Amma,Türk dövlətlərində yenidən keçmiş KQB işçiləri hakimiyyətə gəlməklə bu ideyanın gündəmdən düşməsinə nail oldular.Türkiyədə isə 2003 -cü ildə uzun sürən koalisiyon hökümətlərdən cana doyan xalq AKP-yə - Ərdoğana səs verdi. Bununla da Türkiyə Atatürkün göstərdiyi yoldan uzaqlaşmağa başladı. Ədalət və İnkişaf Partiyası yeni dövrün Türkiyəsini Fətullah Gülənin ideyalarına, Amerikadan gələn "yumşaq islamçılıq" xəttinə uyğunlaşdırmaq yolunu seçdi.
Durum göz önündədir - Türkiyədə cəmiyyətin millətçi kəsimi böhran dövrünü yaşayır. Ərdoğan türk millətçiliyinin qarantı olan ordunu da "balyoz " əməliyyatları ilə içindən zəiflətdi . Beləcə çağdaş dünya siyasətinin böyük natiqi və siyasətçisi Rəcəb Tayyib Ərdoğan dövlətin sükanını hiss olunmadan Şərqə - Ərəb dünyasına döndərdi.

Müqayisə etsək, Azərbaycan Türkiyədən daha türkçü dövlət halına gəlib. Bəs Ərdoğan iqtidarı niyə üzünü Türk dünyasından ərəb aləminə çevirdi? Ərdoğanın milli mənsubiyyətinə toxunmadan qeyd edək ki, bunun bir neçə sadə səbəbi ola bilər. Birincisi, türk ölkələrində mövcud olan rus marağı və təsir rıçaqlarının möhkəmliyidir . Digər səbəb isə ərəb-neft ölkələrinin islam bankçılığıdır desək, reallıqdan kənar çıxmış olmarıq. Təsəvvür edin ki, bu gün Türkiyəni ayaqda saxlayan və onun iqtisadi inkişafına səbəb olan məhz bu amildir.
Ümumiyyətlə, Ərdoğanın yürütdüyü siyasəti təhlil edəndə, istər-istəməz Mixail Qorbaçov göz önünə gəlir. Türkiyə baş nazirinin siyasətində "perestroyka" ya bənzər bənzər "açılımlara" rast gəlinir.
40 min türkü qətlə yetirmiş Öcalan əfv edilmək üzrədir… Ərdoğan PKK terrorçularına quçaq açmağa hazır vəziyyətdə görünür. Nə qədər təəssüfləndirici olsa da Türkiyə parçalanmaya və ya ən azı federativ quruluşa çüvrilməyə doğru istiqamət götürüb.

Davosdakı məşhur "one minute" oynu ilə ərəb krallarının qəlbinə və cibinə yol tapan Ərdoğanın, bəzi ərəb ölkələrinin İncirlikdəki İsrail hərbi bazasından vurulmasına da göz yumması qəribə deyil. 2009-cü ildə Ermənistanla əməkdaşlıq haqda memorandum imzalayan da Ərdoğan hökuməti oldu. Əvəzini isə Bakıya gəlib Milli Məclisdə şeir deməklə ödədilər…
Türkiyəlilər Anadolu ruhu və osmanlı hökmranlığı ilə qürur duyan toplumdur. "Balığı sudan çıxararsansa, yaşamaz". Türk xalqının da nə Avropada, nə də Ərəb dünyasında yeri var. Onun gələcəyi, elə türk dünyasının düzəninə bağlı olmalıdır.
Əziz Əlibəyli
Hiç yorum yok:
Yorum Gönder