
Əziz Əlibəyli
Yenə, konfranslar, yürüşlər və Xocalı adının ətrafında piar quranların bolluğu... Noolsun, biz yenə də Xocalıda deyilik...
Bakının ortasında tikilən abidəyə gül qoymaqla Xocalı qayıdası deyil. Biz burdan-bura öz işimizi görməyə can çəkiriksə, Ankarada Xocalı tədbirinə kürd və kommunistlərin (belə adlandırıldı) quldurcasına basqınını da anlamaq mümkündür. Azərbaycanda silsilə tədbirlər, ziyarətlər, çələngqoymaların fonunda Ermənistanda Xocalı "qəhrəmanları" hakimiyyətdədir. Heç deyən olmadı ki, niyə indiyə qədər müharibə canilərini, Qarabağda bəşəriyyət əleyhinə cinayətlərdən biri olan soyqırımı törədənlər beynəlxalq cinayət məhkəməsinə verilməyib? Sübutmu yox idi, yoxsa Qarabağda hərbi beynəlxalq tribunal yaratmaq Tokio, Ruanda tribunallarından çətin idi? Soyqırımı tanıtmaq və isbat etmək üçün beynəlxalq məhkəmənin olduğu bir zamanda biz hələ də ədalət axtarışını xarici ölkələrin parlament kuluarlarında axtarmaqdayıq. Çünki, konsepsiyamızda ciddi nöqsanlar var. Biz Azərbaycanın təbliği üçün "Atletiko Madrid" futbol klubuna milyonlarla xərc çəkdiyimiz bir zamanda ermənilər həmin məbləğə "erməni soyqırımı" haqda film çəkirlər.
21 il sonra biz hələ də ədalət və sülh axtarışındayıq. 21 il sonra biz Avropa Şurasının qərarları ilə toxtaqlıq tapmaqdayıq. 21 il sonra biz hələ də qan ağlayırıq...
Mən xocalı deyiləm. Mən Xocalıdan da deyiləm. Mən Xocasızam. Hə, elə ona görə də 21 ildir Xocalı deyib köks ötürürəm. Siz Allah, mənə ağlamamağı öyrədin. Mənin xocam yoxdur!
Hiç yorum yok:
Yorum Gönder