Əziz Əlibəyli
Son günlər rast gəldiyim, ürəyimi sıxan və bütün həftəboyu sıxıntılarımla məni baş-başa qoyan mövzu qadınlardır. Axtardığım məlumatlar içində ağıllı -başlı, qiymət verilən yazı tapa bilmədim. Əsl Azərbaycan qadını deyilən qara qaş-qara göz, namuslu və sadiq qadından əsər-əlamət tapa bilmədim. Qərara gəldim ki, yaxşı nə görmüşəmsə, onu qələmə alım.
Ermənilərlə sonuncu post Çətindərənin (Gədəbəy ərazisində yaylaq) Palıdlı yaylağında idi. Buradan dağı o biri üzə aşanda 5-6 km-dən sonra qədim Göyçə gölü görünür.1992-ci ildə burada ilk dəfə milli ordunun könüllülərindən ibarət müdafiə istehkamı yaradıldı. Müharibənin qızğın vaxtında ətraf yaylaqların hamısı insanlarla dolu idi. Əgər o zaman düşmən bu postu alıb aşağı düşə bilsəydi, minlərlə həmyerlimizi əsir ala bilərdi. Elə o zamanlar, balaca vaxtım olsa da, yaylaqda baş verən bir hadisəni heç vaxt unutmadım. Günortaya yaxın dağın üstündə dəhşətli gurultu eşidildi. Hərbi vertolyot çardaqların üstünə gəlirdi. Postqarışıq-əsgər, camaat hamısı üzüaşağı qaçmağa başladı. Bu an Tutnaz bibim əlində ləyən çardaqdan çıxdı "a bala, nooluf"?
-"Erməni gəldi, qaçın", deyə, əlində avtomat olan əsgər bağırdı.
Arvad bir sağa baxdı, bir sola baxdı, tərəddüd etmədən süpürüb avtomatı əsgərin əlindən aldı.
Bağırdı:
"Hara qaçırsınız, hanı erməni, ay biqıryatddar"?
Gözləri hədəqəsindən çıxmışdı. Avtomatı çevirdi, əlini çaxmağa yaxınlaşdırdı, sandığı yoxladı və başının üstündə bərabərləşən vertolyota tuşladı. Ani çaşqınlıqdan hamı yerində donmuşdu, qaçanlar da ayaqlarını saxlayıb sanki, möcüzə baş verəcək kimi gözləyirdilər. Vertolyot yaylağın üstündən keçirdi, quyruğuna yarıparçalanmış başqa bir helikopter bənd edilmişdi. Ötüb keçdi. Xəcalətdən qızarmış əsgərlər iki-iki, üç-üç toplaşmağa başlamışdılar. Komandir kirimişcə, əsə-əsə yaxınlaşdı, diz çöküb, bibimin əllərini öpdü və birbaşa posta qalxmaq əmri verdi.
Gözlərimin önündə baş verən bu hadisəni heç vaxt unuda bilmirəm.
Bu Azərbaycan qadını idi, igidliyi və qorxmazlığı ilə bütün kişiləri utandırmışdı.
Azərbaycanlı xanımı, qızı heç zaman pis, əxlaqsız tərəfləri ilə tanınmamışdı. Ailəsinə, ərinə xəyanət etməmişdi. Nə dəyişdi? Hansı yağışlar yağdı, hansı yellər əsdi? Bu gün qadınların timsalında eyş-işrət, fahişəlik, əyləncə vasitəsinə çevirib, seks simvolu edib, hörmətsiz "itə tök" gününə qoymaq nə idi?
Bu millətin qadınlarının yoldan çıxması kişilərinin daha funksional olaraq bir işə yaramadığının göstəricisi olmaq deyilmi?
Ailə sistemini içindən deqredasiya etməsi, qadının uşaq, ər sevgisinin səadətindən uzaq Dubay, İstanbul barlarını gəzməsi və hətta uzaq Hindistanda seks köləsinə çevrilməsi daha nələr...Bu qədər qadın hörmətsizliyinin, bəkarətsizliyinin tüğyan etdiyi bir zamanda yaxşıları itməyə, görməzdən gəlməyə nə haqqımız var??
Yaxşı qadınlar bu millətin sərvətidir. Odur o, sərvətlərdən biri 28 may metrosunu yanında biradamlıq, dar otaqda, təkbaşına qızı ilə yaşayan, ayaqlarından məhrum olmuş, Allhın ümidinə tərk edilmiş varlıq. Ana, ana deyirik, pafosun biri iki qəpik, baxan varmı?? Ayaqlarından əməliyyat olunmalıdır. Tutu Cumayeva Qarabağ qazisidir. Onun haqda başladılan yardım kampaniyasına Türkiyədən belə səs gəlir. Amma bizim səsi gələcək yerlərdən hələ heç hənirti gəlmir.
Azərbaycan qadını bizim namusumuz, qeyrətimiz və sərvətimizdir. Ailəmizdə böyüyən oğlumuzun, qızımızın, qocalıb, köməyə möhtac olan ata-analarımızın dayağıdır. Gəlin, onları qoruyaq, qoruyaq ki, onlar da bizi gələcək zamanlara biz olaraq apara bilsin.
Hiç yorum yok:
Yorum Gönder