Erməni marşalı güllələyən azərbaycanlı ağa kimdir?
Lent.az Azərbaycan tarixinin mühüm mərhələlərindən olan qaçaqçılıq hərəkatına dair silsilə yazıların yaymlanmasına başlayır. Bu silsilədə ölkəmizin ayrı-ayrı bölgələrində müxtəlif vaxtlarda fəaliyyət göstərmiş qaçaqların həyatı, döyüş hekayətləri, taleyi və nəslinin davamı ilə bağlı məlumatlar, xatirələr yer alacaq. Jurnalist Əziz Əlibəylinin müəllifi olduğu silsilənin ilk yazısı Gədəbəydə rus-sovet işğalına və kolxoz quruculuğuna qarşı mübarizəsi ilə ad qoymuş Məcid ağa Şəkibəyovla bağlıdır...
“Qardaşlıq məzarı”
...Gədəbəy Xalq Məhkəməsinin qarşısında maşından düşən yaşlı kişi məhkəmə binası ilə üzbəüz olan xatirə lövhəsinə yanaşdı.
Başına qoyduğu şlyapasını çıxarıb, yarıyadək əyildi və o biri əlində saxladığı bir dəstə gülü təpəsində qırmızı beşguşəli ulduz olan qardaşlıq abidəsinin üstündəki daş güldana qoydu.
61 il sonra... ilk adam idi ki, bu abidəyə gül qoyaraq, dəfn olunan 4 rus komandiri yox, onları qətlə yetirərək, son gülləsini ürəyinə vuran Məcid ağa Şəkibəyovu yad edirdi...
***
“1930-cu il. Komandir xidmətinə başladığım top batalyon bölüyü Məcid Yaqublunun qolçomaq quldur dəstəsinin ləğvi üçün Gədəbəyə göndərildi. Bu quldur dəstəsi kolxoza daxil olan kəndlilərə hücum edir, sovet müəssisələrində işçiləri, partiya fəallarını öldürür”.
Marşal A.Babacanyanın gündəliyindən (Babacanyan Məcid Yaqublunun gülləsindən salamat qalan iki nəfərdən biridir. Ayağından yaralansa da sağ qalır və sonralar SSRİ-nin marşalı olur – müəl.)
***
1929-30-cu illərin qışının dəhşətləri hələ də yaşayır. FK-nın (Fövqəladə Komissiya – red.) dəstləri Sovet hakimiyyətini qəbul etməyən sonuncu istinadgaha amansız hücuma keçir.
Yaqublu ağalarının rəhbəri Məcid ağa Şəkibəyov mübarizəni qarlı dağlara keçirir.
Ağa “Qara qaya” postuna döyüşçüləri ilə yanaşı üç aylıq körpə olan oğlu İbrahimi də aparır.
30-cu ilin qış kampaniyası qaçaqların məhvi ilə başa çatır (Bu haqda ayrıca yazıda bəhs edəcəyik - müəl.).
Düşmənin “Qara qaya”dakı postu tutmasından sonra, müharibə “Çətindərə” yaylağına keçirilir (hər iki yaylaq ərazisi hazırda Gədəbəy rayonuna aiddir) və ələ keçirilmiş istinadgahda son nəfərinədək məhv edilməsi əmr edilən Yaqubluların içərisində İbrahim də olur.
Balaca İbrahimi naməlum bir şəxsin köməyi ilə nənəsi Bilqeyis xanıma çatdırırlar və qarı körpəni qırxtaxtalı tumanının altında gizlədərək, Şamxora (indiki Şəmkir) qaçırdır.
4 yaşına qədər nənəsinin himayəsində qalan körpənin daha faciəli taleyi bundan sonra başlayır. Nənəsi vəfat edir və uşağı saxlamağa götürən Dəllər sakini Kərim kişi 10 yaşınadək ona baxsa da “xalq düşməni”nin oğlunu böyütdüyü üçün təhdid edilir və İbrahim evdən çıxarılır.
Gədəbəyin Kiçik Qaramurad kəndində yaşayan bacıları isə qardaşlarına qayğı göstərdikləri üçün hər gün istintaqa çağırılırlar. Bu təzyiqlərə dözməyən bacısının ailəsi Tiflisə köçməyə məcbur olur.
Bəy oğluna pul göndərən gizli hami...
Yatmağa yeri olmayan İbrahimin köməyinə analığı - Məcid ağanın arvadı olan molokan qızı Manya yetişir.
Rus qadın onu yetim uşaq adıyla, ata-anasının kimliyini bilmədiyini deyərək, yetimxanaya verir. Burada yaşadığı müddətdə İbrahimə naməlum adam hər ay 500 rubl göndərirmiş. Yetimxananın rəhbərliyi duyuq düşüb məsələni aydınlaşdırır, amma səs-küyə salmır.
İkinci Dünya Müharibəsi başlayana qədər balaca İbrahimin “təqaüdü” göndərilir. Müharibənin başlaması ilə müdir onu internatdan bayıra atır və elan edir: “Xalq düşəninin oğlu, daha sənə pul gəlmir, Sovet hökumətinin isə sənə yedirdəcək çörəyi yoxdur. Çörək əsgərindir, düşmənin deyil”.
Sonradan bilinəcəkdi ki, bu illər ərzində İbrahimə pul göndərən şəxs, Mircəfər Bağırovun himayəsi altında Tibb Universitetində təhsil alan Məcid ağanın kiçik oğlu Ənvər ağa imiş. Onun müharibəyə getməsi ilə İbrahim üçün yeni fəlakət başlamışdı...
Başabəla komsomol bileti
Çıxış yolunu dağlara gedərək çobanlıq etməkdə görən İbrahim yarıac, yarıtox həyatda qala bilir və otardığı mal-qaranın əvəzində aldığı qatıq-pendirlə yaşayır.
Amma bu sevinc də uzun sürmür.
Rus-sovet təbliğatının təsiri altına düşən camaat İbrahimə həmişə nifrətlə baxar, ona yaxın gedənə damğa vururlarmış.
Artıq yetkinlik yaşına çatan İbrahimdə ona, nəslinə qarşı müharibə elan etmiş Kommunist Partiyası ilə tanış olmaq fikri oyanır.
Bir gün o, Şəkər adlı bir kişinin onunla yaşıd olan oğlunun komsomol biletini görür və alıb baxır. “Xalq düşməni”nin oğlunun komsomol biletinə baxması böyük qalmaqala səbəb olur. İbrahim həbs edilir, uzun müddət istintaq aparılır. Nəticədə, ağa oğlu Gədəbəydən sürgün edilir.
Bu dəfə kimsəsiz “xalq düşməni”nin oğluna Gəncə qucaq açır.
Gəncə Dəmir yolu vağzalının təchizat idarəsinin rəisi, Məcid ağa ilə qohumluğu olan Şir Sultanov İbrahimi himayəsinə alıb, ona qayğı göstərməyə başlayır.
Hər gecə anbardardan işə yaramayan bir şpal (dəmir yolu relsinin altına döşənən taxta – red.) alan İbrahim, onu doğrayaraq Gəncədə çayçılara satmaqla dolanır.
***
Əsgərlik yaşına çatan İbrahimi “düşmən oğlu” olduğu üçün xidmətə çağırmırlar. Hətta ona vətəndaşlıq sənədi belə verilmir. 26 yaşına qədər bu cür başını dolandıran ağa oğlu, nəhayət, bərbərlik öyrənərək bəraət illərinədək Gəncədə, Tovuzda yaşayır.
1956-cı ildə o, Tovuz rayonunun Qovlar qəsəbəsinin sakini kimi qeydiyyata alınır.
Amma təbii ki, bu bəraət onun qaçaq, üsyankar atasına şamil edilməmişdi.
“Qardaşlıq qəbri”
İbrahimin evlənməsi də problemsiz olmur. Qapısını döydüyü hər evdən bir cavab alır: “Düşmənə veriləcək qızımız yoxdur”.
Sonralar, Fatma qarının nəvəsinə elçi gələn İbrahim gözlənilmədən razılıq alır. Fatma qarının Məcid ağaya olan hörmətinin, dəyərinin cavabı olaraq İbrahim onun nəvəsiylə evlənir.
Cütlük nikah qeydiyyatı üçün Gədəbəyə yollanır. VVAQ müdirinin “kimin oğlusan?” sualına İbrahim “Məcid ağanın” deyə cavab verir.
- Məcid ağa kimdir?
İbrahim nikah müdirini Gədəbəy Xalq Məhkəməsinin qabağında salınmış “qardaşlıq məzarı”nın önünə gətirir:
- Bu qırmızı beşguşəli ulduzun altında yatan 4 rus komandir haqqında eşitmisən? Bax, onları öldürən kişinin oğluyam!
VVAQ müdirinin şikayəti ilə tədbir pozulsa da, sonradan hər şey sakitləşir və nikah qeydə alınır.
Evləndikdən sonra, uzun müddət qayınanasının himayəsində yaşayır.
Sovet hakimiyyəti dövründə ömrünün 61 ilini İbrahim kişi “xalq düşməni”nin oğlu kimi yaşamağa məhkum edilir.
8 uşaq sahibi olan İbrahim kişinin özü kimi, uşaqları və həyat yoldaşı da ümumi təsərrüfatdan - kolxozdan kənarda saxlanılır.
Nəhayət, Gədəbəyin Arabaçı kəndində uzaq qohumlarından birinin adına ayrılan torpaq sahəsinin bir küncündə ona yer verilir.
Burda da o, illərin aşıladığı spesifik müdafiə instinkti ilə hərəkət edir.
Kəndin qurtaracağında, heç kəsin görmədiyi dərənin qaşında özünə ev tikir.
Böyük xatirə və tarix yaşayan həmin ev 8 il öncə - 2006-cı ildə naməlum səbəbdən yanaraq kül oldu. İbrahim kişinin illər uzunu ordan-burdan yığıb topladığı, Məcid ağaya məxsus əşyalar və fotoşəkillər də evin içində yanıb külə döndü.
Beləcə, böyük bir tarixin son işığı da qaranlığa qərq oldu.
Azərbaycanın Rusiya tərəfindən işğalının simvolu olan “Qardaşlıq abidəsi” isə ölkəmiz müstəqillik qazandıqdan sonra tarixə gömülür və izi-tozu da itir.
QEYD:
İbrahim dayının dediyinə görə, atasının qəbrinin harda olduğunu hələ də müəyyən edə bilməyiblər.
1930-cu ilin martında Məcid ağa Şəkibəyovun meyiti dağdan endirilərək Novosaratovka kəndinə gətirilir. İctimai baxış üçün qoyulmuş meyitə sonuncu baş çəkən isə ağanın doğma bacısı Teyvə xanım olur. Ağanı müvəqqəti olaraq dəfn edirlər.
Meyitin sonra istintaq üçün Bakıya aparılması nəzərdə tutulurmuş. İki gün sonra, qəbir açılanda hamı şoka düşür: Ağanın yerində şinelə bükülmüş arıq rus əsgərinin cəsədi uzadılmışdı...
P.S. Məcid ağadan qalan sonuncu yadigar İbrahim kişi hazırda 84 yaşını başa vurur.
Ardı var...
Əziz Əlibəyli
Hiç yorum yok:
Yorum Gönder