Lent.az Azərbaycan tarixinin mühüm mərhələlərindən olan qaçaqçılıq hərəkatına dair silsilə yazıların yaymlanmasına başlayır. Bu silsilədə ölkəmizin ayrı-ayrı bölgələrində müxtəlif vaxtlarda fəaliyyət göstərmiş qaçaqların həyatı, döyüş hekayətləri, taleyi və nəslinin davamı ilə bağlı məlumatlar, xatirələr yer alacaq. Jurnalist Əziz Əlibəylinin müəllifi olduğu silsilənin ilk yazısı Gədəbəydə rus-sovet işğalına və kolxoz quruculuğuna qarşı mübarizəsi ilə ad qoymuş Məcid ağa Şəkibəyovla bağlıdır. Yazının ikinci hissəsini təqdim edirik...
Əvvəli: http://news.lent.az/news/177975
Arayış: Məcid ağa Şəkibəyov XIX əsrin sonlarında (1870) indiki Gədəbəy rayonunda anadan olub. Qori Seminariyasında təhsil alıb. Ömrünün sonlarınacan Gədəbəy rayonunun Novoivanovka kəndində çar naçalniki (Pristav) vəzifəsində işləyib. Öz ana dilindən başqa rus, gürcü, ərəb, fars və erməni dillərini mükəmməl öyrənib.
1918-ci ildə erməni daşnaklarına qarşı amansız mübarizə aparan silahlı dəstənin öncüllərindən olmuş, Göyçə mahalının Pəmbək (Cil - müəl.) adlanan ərazisində, "Burcalı" dağının ətəklərində və Tovuz rayonunun məşhur Xınna dərəsində erməni quldur Andronikin qoşunlarının bir hissəsini - üç yüz nəfərlik silahlını məhv edib. Şura hökumətinin Azərbaycanda bərqərar olmasından sonra, bütün varlı-hallı ağalar, bəylər kimi Məcid ağaya və mənsub olduğu Yaqublu nəslinin bütün insanlarına qarşı da ciddi təzyiqlər olub. Könüllü olaraq hökumətə təslim olmaq istəməyən ağa, möhkəm silahlanmış kiçik dəstəsilə dağlara çəkilib, Şura hökumətinin silahlı qoşunuyla qeyri-bərabər savaşa başlayıb. Bu mübarizədə o, çoxlu sayda bolşevik əsgərlərini məhv edib. 1929-cu ilin dekabrında başlayan bu amansız mübarizə, 1930-cu ilin mart ayının əvvəllərinəcən davam edib...
Qaçaq Kərəmə görə sürgün edilən Yaqublu ağası
XIX əsrin ikinci yarısında Qazaxdan köçən Yaqublu bəylərindən biri - Məmməd ağa Gədəbəyin ucqarında, Göyçənin bir addımlığında yerləşən “Şah Talası”nda yurd salır.
(“Şah Talası”nın adının tarixi XVI əsrdən bəri gəlir. Şah İsmayılın Göyçə ərazisinə gəlişi zamanı burda bir müddət yaşadığı deyilir - müəl.)
QEYD: Yaqublular azərbaycanlıların etnoqrafik qruplarından biri olan ayrımların bir qoludur. Kökü XI əsrdə Kiçik Asiyada mövcud olmuş Səlcuqlara (Oğuz türkləri qrupu - müəl.) dayanır.
XVIII əsrin sonunda Rusiya-Gürcüstan qarşıdurması ilə bağlı Borçalı-Qazax bölgəsində Kartli-Kaxet çarlarının dağıdıcı hücumları bölgədə etnik köçün başlanmasına səbəb oldu. Sonrakı 50 il ərzində də davam edən bu proses Qazaxdan Yaqubluların, Kəsəmənlilərin Kəlbəcərə, Gədəbəyə, Göyçəyə, Tovuza köç etməsinə səbəb oldu...
Yaqublu ağalarından olan Məmməd ağanın burda iki oğlu anadan olur. Böyük oğlu Həmid ağa o dövrlərin dəhşətli xəstəliyi olan qara qızdırmadan dünyasını dəyişir.
Təxminən 1870-ci ildə dünyaya gələn Məcid ağa Məmməd ağa oğlu Şəkibəyov isə Azərbaycan tarixinin bir parçasına çevrilə bilir.
Əvvəlcə mədrəsədə Molla Mikayıldan dini təhsil alan Məcid ağa Quranla yanaşı, ərəb və fars dillərini öyrənmiş olur.
XIX əsrin 70-ci illərinin sonunda Qori Seminariyasının Azərbaycan sektoru açılır və Azərbaycanın suyu-çörəyi ilə böyüyən və bu xalqı canı, qanı qədər sevən Aleksey Osipoviç Çernyayevski şöbənin inspektoru təyin olunur.
Maraqlıdır ki, həmin illərdə erməni və gürcü tələbələrin əlindən yer olmadığı halda azərbaycan sektoru boş qalır .
Seminariyanın direktoru Dmitri Dmitriyeviç Semyonov onu yanına çağıraraq, ümidsizcəsinə deyir ki, şöbə açılsa da, ərizə verən çox azdı, belə getsə, şöbənin fəaliyyət göstərməsi sual altında qalacaq. Aleksey Osipoviç isə ümidini üzmür və şöbənin açılması üçün axtarışa çıxır. O, İrəvanda, Naxçıvanda, Gəncədə, Şuşada, Şamaxıda, Qubada və Dərbənddə olur, qapı-qapı gəzib qəza mərkəzlərində seminariyaya uşaq toplayırdı. Valideynlərə təhsilin, maarifin nə demək olduğunu izah edib deyirdi ki, məqsədimiz Azərbaycan xalqının qaranlıq yollarını işıqlandırmaqdır, balalarınızı bu işığı yandırmaqdan məhrum etməyin. Yüz kilometrlərlə yolu faytonla, araba ilə, qatarla, bəzən də payi-piyada getməli olurdu.
Gəncədən Gədəbəyə qədər gələn Çernyayevskinin yola gətirdiyi şəxslərdən biri də Məmməd ağa olur.
Maarifə münasibəti müsbət olan Məmməd ağa oğlunun Qoridə təhsil almasında bir qəbahət görmür və onun getməsinə razılıq verir.
Qoridə mükəmməl təhsil alan Məcid ağa burda rus, gürcü, erməni dilləri ilə yanaşı, dünyəvi elmləri də öyrənir.
“Şah Talası”nda qurulan şahlıq
Məcid ağanın təhsil illərinin sonu ailə bədbəxtliyi ilə tamamlanır.
4 qız və 1 oğul sahibi olan Məmməd ağa iyirmi illik Sibirə sürgün edilir.
Səbəbsə çox sadə imiş: uzun illər çar qoşunlarına qan udduran Qaçaq Kərəm (Qıraq Kəsəmən kəndindən olan Qaçaq Kərəm və İsrafil ağa Məmməd ağayla qohumdurlar və bu illər ərzində əlaqədə olublar - müəl.) günlərin birində Gədəbəydə - “Şah Talası”nda peyda olur. Kərəmə qarşı silahlı mübarizənin şiddətləndiyi bir zamanda Məmməd ağanın onu gizlətməsi və ölümdən xilas etməsi sonralar ağanın özünə qarşı istifadə olunur.
Məlumat tutan hökumət Çar düşmənini mühafizə etdiyi üçün Məmməd ağanı Sibirə sürgün edir...
ÇIXARIŞ: 20 illik Sibir sürgünündən salamat, amma qoca və xəstə qayıdan Məmməd ağa az sonra qan düşmənləri tərəfindən gecə vaxtı evinin qabağında güllələnir. 20 illik Sibir sürgünündən salamat qayıdan ağanı bir güllə öldürdü...
Keşiş Vahanın şeytanlığı
Mədənlə Şəmkir arasında - Yasamal dağının ətrafında ermənilərin məskunlaşdırldığı kənd - Çardaqlı (Çənlibel) yerləşir.
I Pyotrun vəsiyyəti ilə, xüsusilə də II Nikolayın zamanında bu qədim türk torpaqlarında ermənilərin yerləşdirilməsi başlayır.
İki türk rayonunun ortasında olan strateji torpaqları ermənilərə verməklə gələcəkdə burda münaqişə ocağı yaratmaq məqsədi daşıyan Çar, illər sonra buna nail olacaqdı.
Başdan-ayağa erməni millətçiləri ilə məskunlaşdırılan kənd Gədəbəy-Şəmkir yolunun üstündə böyük qalaya çevrilir.
Keşiş Vahan kənddə böyük nüfuz sahibi olmaqla yanaşı, məkrli və düşmən münasibəti ilə türklərə tanış idi. Hətta çarla yazışmaları olan Vahan günlərin birində növbəti məktubunu Yaqublu ağası Məməd ağa ilə bağlı yazır.
"Əlahəzrətin yazıq qulları olan erməniləri əmrinizə asi olan Məmməd ağa incidir. Çar düşmənlərinə yuva qurur. Bizi bu zülmün əlindən qurtarın".
Bu o zamanlar baş verir ki, müsəlmanların sakin olduqları kəndlərdən mal-qara, at oğurluğu baş alıb gedirmiş. Bu oğurluqda isə ən çox ermənilər ad çıxarmağa başlayır.
Gözü heç nəyi seçməyən və ağalarına arxalanan ermənilər bu dəfə dəli-dolu Məmməd ağaya ilişirlər.
Məmməd ağanın ilxısından oğurlanan atların sorağını Çardaxlıdan gəlməsi ağanı sərt addım atmağa məcbur edir.
Ağa günün günorta çağı kəndə basqın edir və Vahanı tövləsində bağlayaraq oğurlatdığı atları da qabağına qatıb geri qayıdır.
Vahan uzun illər ağadan qisas almaq eşqiylə yanır. Və əlinə düşən ilk fürsəti dəyərləndirir.
O, hökumətdən gizlənən Qaçaq Kərəmlə Dəli Alının Şah Talasında, Məmməd ağanın qonaqları olduğunu öyrənən kimi qubernatordan Çara qədər məktub yazıb, düşməni nişan verir.
Nəticədə Məmməd ağa çar düşmənlərini qoruduğu üçün nə az, nə çox 25 illik Sibirə sürgün edilir.
Rüstəm Əliyevin Vahanı
Məmməd ağanın Sibirə sürgünündən otuz il sonra haqq öz yerini tapmağa başlayır.
Rüstəm Əliyev haqda qocalar daha çox məlumatlıdır. Gədəbəydə Sovet hakimiyyətinin qurulmasında fəal iştirak edir.
Böyük vəzifə sahibi olan Rüstəm Əliyevin Gədəbəydə qabağına çöp salan tapılmır. Amma... bir qədər sonra onun haqqında yazılan donoslar özünə qədər gəlib çatır.
FK rəhbərliyi ilə isti münasibətlər qurmağa nail olan Əliyev xəbər tutur ki, onun haqqında anonim məktub yazan şəxs niyəsə hələ də salamat qalan Keşiş Vahandır.
Birbaşa Çardaxlıya gedən Rüstəm Əliyev Vahanı əl-qolu bağlı, atın qabağına saldırır və həbsə gətirir.
Ermənilərin böyük kompaniyası başlanır. Əlləri Leninə, Mikoyana qədər uzanan ermənilər Vahanı hər vəchlə qurtarmağa çalışırlar.
Rüstəm Əliyev Lenindən telefonoqram alır: "Vahan keşişi azad edin".
Eyni zamanda Vahan keşiş Rüstəm Əliyevə bir xurcun qızıl təklif edir ki, onu azad etsinlər. Qızılı alan R.Əliyev köməkçisinə tapşırıq verir.
Gecənin birində aravuran, xain Vahan türmənin qapısı önündə güllələnir.
Rüstəm Əliyev Leninə cavab teleqramında yazır: "Yoldaş Lenin, Keşiş Vahan teleqramınız çatmamışdan qabaq həbsdən qaçarkən güllələnib"...
Rus kəndinə ilk müsəlman idarəçi
Təhsilini tamamlayıb ata yurduna dönən Məcid ağanı, Çarın yerlərdə o əhalidən olan savadlı adamlara ehtiyacını nəzərə alaraq, Novoivanovka kəndinə “Naçalnik uezd” (Pristav) təyin edirlər.
Bütövlükdə, Çar pristavı kimi atasının yurdunda da hörmət qazanan Məcid ağa rus kəndinə daxil olan yeganə müsəlman olur.
Molokanlardan ibarət olan Novoivanovka kəndinə müsəlmanlar daxil ola bilməzdi. Onlar ancaq kəndin üstünə qədər gələ bilərdilər. Bunun da səbəbi müsəlman kəndlilərinin ruslara çoban olmağı idi. Səhərlər kəndin üstündən mal-qaranı yığıb aparar, axşamlar da gətirib orda təhvil verib gedərdilər.
Bir müsəlman ziyalı, ağasının rus kəndinə naçalnik təyin edilməsi Çarın yumşaq siyasətinin nəticəsi idi.
Yaqubluların da nüfuzunu arxasına alan Çar hökuməti yerli əhalinin daha asan idarə olunmasının yolunu tapmışdı.
Tək müsəlmanlar arasında deyil, elə rusların da hörmətini qazanan ağa Novoivanovkada molokan qızı Manya ilə evlənir.
Bundan sonra onun nüfuzu daha da artır.
Bütövlükdə isə bütün Höyər dərəsi boyunca kimin problemi varsa, ona müraciət edirmiş.
1917-ci ilin hadisələri və 1918-ci ildə baş vermiş proseslər yerdə Çarın nümayəndəsi olan Məcid ağa Şəkibəyovdan da yan keçmir. Müsavat hökuməti, “Difai” partiyası, Gəncə bəyləri və şəxsən Rəsulzadə ilə tanış olan Məcid ağa AXC-nin hakimiyyətinin möhkəmlənməsi və 1918-20-ci illərdə baş vermiş erməni-müsəlman savaşında, Qərb zonasının soyqırımından xilas edilməsində müstəsna rol oynayır.
Aşıq Nəcəf niyə döyüşçü kimi yox, aşıq kimi tanındı?
...1918-ci ilin erkən yazında havadarları tərəfindən təpədən-dırnağa qədər silahlanmış, döyüşlərə əvvəlcədən lazımı tədarük görmüş daşnaklar Göyçə mahalının cənub-şərq istiqamətində azərbaycanlıları qırmağa, kəndləri yandırmağa başlayırlar. Kəvər və Qaranlıq (Kamo və Martuni) ərazisində canlarını qurtarmağa çalışan əhali Ağmağan yaylaqlarına doğru yön çevirir. Erməni cəlladlarının əlindən birtəhər xilas olub qaçanları isə gözlənilmədən başlayan qar-boran məhv edir.
Daşnaklar Göyçə mahalının cənub-şərqini viran qoyduqdan sonra payıza yaxın Basarkeçərə doğru hərəkət etməyə başlayırlar.
Abutalıb oğlu Cavadın başçılığı ilə Cil, Ardanış, Ağbulaq, Toxluca, Babacan, Pəmbək, Hacı Qərib və başqa kəndlərin əli silah tutan adamları Basarkeçər ətrafındakı kəndlərin camaatına kömək etmək məqsədilə bu istiqamətdə irəliləyirlər. Çaxırlı, Qızıl Vəng, Yarpızlı, Zağalı, Alçalı və başqa bir neçə azərbaycanlı kəndləri quldurlardan azad edilir. Daşnaklar xeyli itki verərək qaçmağa üz qoyurlar. Çoxlu hərbi sursat və vəsait qənimət götürülür.
Gələcəyə hazırlıq üçün qonşu Mədən (Gədəbəy), Kəlbəcər, Şəmkir, Gəncə, Tovuz və s. rayonlardan silah və sursat tədarük görülməsi qərara alınır.
Səmənd ağa ilə Gədəbəyə gələn o dövrlərin məşhur aşığı, ustad Ələsgərin şagirdi Nəcəf Göyçə dağlarını aşaraq ilk olaraq “Şah Talası”nda yaşayan Məcid ağa ilə görüşürlər.
Ətraf bəylərin də iştirakı ilə keçirilən yığıncaqda Göyçənin müdafiəsi qərara alınır: Faktiki olaraq, dövlət tərəfindən əlisilahlı qaniçən Ozanyanın (Andronik – müəl.) qəddar əsgərlərinin qarşısında qalan əhali müdafiəsiz idi. Bundan da başqa, yaxşı başa düşürdülər ki, bu gün Göyçənin əhalisinin məhvi gec-tez dağın bu biri üzündə Gədəbəyə də çatacaq və öz növbələrini oturub gözləməkdənsə düşməni qabaqlamaq daha yaxşı variant idi…
Payıza doğru düşmənə qarşı birgə hərəkət etmək vədi alan elçilər Göyçəyə qayıdırlar.
Bu arada ermənilər sülh təklif edir.
Amma Göyçə bəylərinin müzakirəsindən sülh təklifinə mənfi qərar çıxır.
Şişqayaya toplaşmış adamlardan Cavad öz dəstəsi ilə Cilə yola düşür, Səmənd ağa isə 11 nəfərlik dəstəsi Basarkeçərə çatan kimi dəstəsini qırırlar.
Elə bu zaman Aşıq Nəcəf də ələ keçirilir.
Bu hadisələrdə ən dəhşətli işgəncə Aşıq Nəcəfə verilir. Düşmənə qarşı mübarizədə aşığın oynadığı rol, ətraf rayonlarda ermənilərə qarşı sistematik mübarizə aparmaq üçün danışıqlar aparması və illər uzunu aşıq kimi el şənliklərindən topladığı, qazandığı var-dövlətini silaha, geyimə ayırması düşməni daha da qəzəbləndirir.
Aşıq Nəcəf üçün olduqca ağır cəza seçilir. Aşığı saz ifa etməyə məcbur edərək kürəyinə qaynayan samovar bağlayırlar. Diri-diri yanan aşıq əslində Azərbaycanın əzəli torpağında heç zaman əsl qiymətini almayan qəhrəmanlıq tarixi yazırdı.
Bu cür işgəncə ilə düşmən, mübarizə aparan insanların əzmini qırmaq və qorxutmaq istəyirdi.
Gədəbəy bəylərinin Göyçə savaşları
Təəssüf ki, sonralar da Aşıq Nəcəfin qəbri üstündə ona aid büst ucaltmağa imkan verilmədi.
Bu hadisələrdən sonra Gədəbəy ağalarının Göyçədə düşmənə qarşı savaş açması bütün Göyçəni ayağa qaldıraraq mübarizəyə yeni nəfəs gətirdi.
Yaxşı silahlanmış ermənilər isə toplardan daha çox istifadə edərək əhali arasında vahimə yaradırlar. Cavad daşnakların qüvvəsini və mövcud vəziyyəti düzgün qiymətləndirərək əhalini qırğından xilas etmək üçün müvəqqəti olaraq Gədəbəyə köçürülməsini təşkil edir. 1919-cu ilin aprel-may aylarında əhalinin əksəriyyəti Qaraqoyunlu dərəsi də daxil olmaqla dağ yolu ilə Gədəbəyə, daha təhlükəsiz yerlərə köçürülür.
Əhali kəndləri tərk etdikdən sonra daşnaklar ordunun qərargahını Cil kəndində yerləşdirirlər. Bu kənd çox əlverişli strateji mövqeyə malik idi. Daşnaklara qarşı həlledici hərbi əməliyyat aparmaq üçün ciddi hazırlıq görmək lazım gəlirdi.
Gədəbəy-Göyçə ağalarının ilk döyüşü Cildə olur.
Təkbaşına düşməni məhv edən Mustafa ağa
Mustafa ağa Şəkibəyov Gədəbəyin Şəkərbəy kəndinin ağası olub. Məcid ağanın əmisi oğludur. Erməni-müsəlman savaşında və antisovet qaçaq hərəkatında iştirak edib.
Gədəbəydən Yaqublu Mustafa ağa, Seyid Abuzər, Məşədi Ələsgər, Qurd İsmayıl, Kərbəlayi Mansur kimi bir çox cəsurlar ermənilərə qarşı hər yerdə müqavimət göstərirdilər.
Daşnakların Cildə yerləşdirilmiş hərbi düşərgəsini məhv etmək üçün Cavad və Mustafa ağa dəqiq kəşfiyyat işi görürdülər. Düşmənin Çəlvərli yüksəkliyindəki müşahidə məntəqəsi Gədəbəylə Göyçə arasındakı Qatar qayadan müntəzəm müşahidə edilirdi.
Dəli Söyün və Məhərrəm Mansurovun dəqiq kəşfiyyatlarından məlum olurdu ki, ermənilər gecələr səngərdə qalmır, kəndə enirlər. Gecə ikən Çəlvərli, Danauçan, Suludərə, Yemşənli və Təpə istiqamətində qövslü xətt üzrə enişə doğru hər birində iki tüfəngli olan üç atəş nöqtəsi, biri pulemyot və hərəsində 4 tüfənglidən ibarət doqquz atəş nöqtəsi yaradılır. Pulemyotun arxasında isə Yaqublu Mustafa ağa özü dayanır.
Səhər tezdən 4 nəfər erməni səngərə tərəf qalxır. Sərrast açılan güllə ilə onlardan ikisi öldürülür, ikisi isə təslim olur və bildirirlər ki, biz bir güllə ilə təhlükə olduğunu, ikinci güllə ilə isə təhlükənin daha ciddi olduğunu bildirməli idik. Daşnaklar ikinci güllə səsini eşidib Çəlvəliyə tərəf qalxmağa başlayırlar. Dəstənin qabağı birinci atəş nöqtəsinə (səngərə) çatdıqda ermənilər birinci nöqtədən atəşə tutulurlar və itki verərək aşağıya doğru çəkilməyə başlayırlar. Bu zaman növbəti atəş nöqtələrindən bir-birinin ardınca atəş açılmağa başlayır. Nəhayət, dəstənin əsas gücü pulemyotun tuşuna çatdıqda pulemyot işə salınır. Vahiməyə düşən daşnak ordusu "Bu türk əsgərlərinin işidir," - deyərək qaçmağa başlayırlar. Bu qaçış sağa mümkün deyildi, çünki sağ tərəf açıqlıq idi. Odur ki, həmin qövs xətt istiqamətində qaçmağa başlayırlar. Daşnak döyüşçülərinin əksəriyyəti məhv edilir.
1918-ci ilin başlaması ilə ermənilərin müsəlmanlara qarşı apardığı soyqırımı yeni mərhələyə daxil olur.
Andronikə "Maksim" salamı
Tayqulaq Andronikin başçılıq etdiyi böyük qoşun Zəngəzuru, Naxçıvanı qanına qaltan edir.
Bununla da doymayan cəllad erməni bu dəfə Göyçə istiqamətində hücuma keçməyə qərar verir.
Göyçəninin türk əhalisini bu torpaqlardan silməyə çalışan erməni general Gəncəyə qədər türksüz zona yaratmağa çalışır.
O zamanlar Göyçəyə üç istiqamətdən hücum təşkil edilir.
Bir səhər Göyçə yuxudan dəhşətlə oyanır.
Gəcə səhərədək Göyçə gölünün üstündə üzüb keçərək bu sahilə adlayan düşmən artıq başlarının üstünü kəsdirir. Əliyalın camaatın qaçmaqdan başqa çarəsi qalmır.
İkinci daha böyük qoşun Qazax-Dilican dərəsinin başında Çayqarışana daxil olur.
Bu qoşunun başında cəlladın özü dayanır.
Çayqarışandan Qaraqoyunlu dərəsinə qədər yüzlərlə türk kəndinin müdafiəsini qırmaq üçün plan qurulur.
Həqiqətən də o zaman üçün bu plan baş tutsaydı Qazaxdan Çəmbərəkə qədər bütün kəndlərin əhalisi məhv ediləcəkdi.
Düşmənin irəliləməsindən xəbər tutan Mustafa ağa, Məcid ağa, Məşədi Mehralı və yaxın qohumlar böyük dəstə ilə Qaraqoyunlu yolunun başındakı qayada məskən salırlar.
Öz pulu hesabına "Maksim" pulemyotu alan Mustafa ağa bu sehrli silahı düşmənə acı həqiqəti başa salmaq üçün istifadə edir.
İrəliləyən düşməni girəcəkdə elə bir yerdə haqlayırlar ki, üst qayalıqda məskən salan bəylərə qarşı heç bir adım ata bilmirlər. İki qaya arasında sıxışıb qalan düşmən üçün əsl dəhşət başlayır.
Qayaların üstündə topladıqları daşların hamısını birdən aşağıdan keçən qoşunun üstünə yuvarlayırlar.
Cəhənnəmə düşən ermənilərin çıxış yoluna doğru qaçması daha böyük itkilərə səbəb olur.
Bir-birini tapdayan erməni atlılarının girişə tez çatanı "Maksim"in qonağı olur.
Mustafa ağanın pulemyotu təkbaşına bütün günü düşmənlə haqq-hesab çəkir. Çoxsaylı ordunu iki qaya arasında tələyə salan bəylərə qarşı müqavimət daha iki gün davam edir.
Andronikin qaçışı
Andronikin illər sonra haqqında yazılan əksər yazılarda bu fakt diqqəti daha çox cəlb edir:
“Andronik bu qoşunun rəhbəri idi. İlk döyüş günü tam şəkildə silahlı olmasına və canlı qüvvə ilə təchiz edilməsinə baxmayaraq, başa düşür ki, onun nəzərə almadığı kiçik bir detal əslində böyük işin – dənizdən-dənizə Ermənistanın reallaşmasına mane olacaq və hətta onun özünün həyatı təhlükəyə düşəcək.
Bütün hərbçi manevrlərinə və taktikalarına baxmayaraq strateji üstünlüyü əldən verdiyini başa düşür”.
Bundan sonra, hər vəchlə qaçmağa çalışan Androniki xilas edən yeganə bir təsadüf olur.
Minlərlə əsgərini qurban verən qəddar general atın üstünə bağlanmış meyit kimi qaçırılır.
Meyitlər arasında nə qədər onu axtarsalar da vurulmuş atından başqa heç nə tapa bilmirlər.
Qaraqoyunlu dərəsində məğlub edilən düşmən bütün acığını Göyçədən çıxmağa başlayır.
Ördəklidən hücuma keçən düşmənin budəfəki payı da "Maksim"in göndərdiyi salyut olur.
Düşmən növbəti dəfə məğlubiyyətə uğrayır.
Xınna dərəsində döyüş
Xınna dərəsi Tovuz rayonuyla Gədəbəy rayonunun arasındadı. Dərənin solsahiliylə uzanıb gedən yol, birbaşa Qəza mərkəzi sayılan Qazaxa aparıb çıxarırdı. Dərə boyunca çağlayıb axan çay, bir neçə, irili-xırdalı dağ çaylarının qovuşmasından yaranmışdı və el arasında “Zəyəm çayı” kimi tanınırdı. Ermənistan adlanan qədim Azərbaycan torpaqlarında kütləvi qırğınlar, qarətlər törədən və bununla kifayətlənməyərək, gizlin yollarla Azərbaycan ərazisinə adlayaraq, orda yeni-yeni qırğınlara rəvac vermək istəyində olan üç yüz nəfərlik silahlı erməni dəstəsi, həmin Xınna dərəsindən keçməyə can atırdılar.
Andronikin qoşununun bir hissəsi olan bu dəstə, Azərbaycan ərazisi olmasına baxmayaraq, yalnız ermənilərin sıx yaşadığı Çardaqlı kəndinə yetişib, orda yerlərini möhkəmlətmək və Azərbaycanın digər ərazilərində talanlar, qətllər törətmək niyyətindəydilər.
Çardaqlı, qədim Azərbaycan şəhəri olan Şəmkirin böyük kəndlərindən biriydi və Şəmkir səhəriylə Gədəbəy rayonunun aralığındakı ən uca zirvədə yerləşirdi. Və türklərin, illərlə hamıya, hər kəsə sadəlövhcəsinə inanmasının nəticəsiydi ki, onlar öz çənələrinin altında da yox, baslarının üstündə bu əfi ilanlara yer vermişdilər. Çardaqlıdan, hər hansı bir Azərbaycan kəndini və ya səhərini atəşə tutmaq, əsarət altında saxlamaq, asan bir iş idi. Məhz bu səbəbdən də, Andronikin göstərişilə, üç yüz nəfərlik, möhkəm silahlanmış erməni dəstəsi gizlin dağ yollarıyla irəliləməkdəydilər.
Xınna dərəsində sakitlik idi. Zəyəm çayı yorğun-yorğun axıb gedir, sanki səsini içinə salaraq, yuxarıdan enib gəlməkdə olan düşmənləri duyuq salmaq istəmirdi. Məcid ağa, Mustafa ağa və atlıları, çoxdan qayalıqlarda gizlənib nişangah qurmuşdular.
Daha bir yanda isə Xınna dərəsində (başqa adla Çanaqçı dərəsi – müəl.) yaşayan “Muka Namaz” adlı bir kisi özünə səngər qurmuşdu.
Çay boyunca uzanan torpaq yollarda, az sonra tozanaq qopdu. Yuxarı sinədən çınqıl kimi qopub gələn ermənilər, axır ki, bu yolda qərar tutub, təzədən sıralandılar.
Məcid ağagil gərəkən məsafəyəcən erməniləri yaxına buraxdılar. Aradakı məsafə daraldıqca, özlərindən xəbərsiz halda, ermənilərin ömrü də daralırdı. Bir azdan bu darlıq içində balıq kimi çırpınıb can verəcəkdilər.
Ermənilərin sırasını vurub dağıdan və onları pərən-pərən salan ilk güllə Məcid ağanın aynalısından atıldı. Güllə ön sıradakı ermənini vurub aşırdı. Vahimə içərisində ətrafa döyükən və qaçıb gizlənməyə can atan ermənilərə aman verilmədi.
Mustafa ağanın əl pulemyotu dəhşətli şaqqıltısıyla dərələri lərzəyə gətirmişdi. Kol-kosda, qayalıqlarda gizlənmiş digər türklər də, aman vermədən erməniləri bir-bir dənləməyə başladılar. Çaşıb özlərini itirmiş ermənilər hansı səmtə üz tuturdularsa, orda güllələrlə qarşılanırdılar.
Həmin gün Xınna dərəsinin hər daşı al-qırmızı boyanmışdı.
Xınna dərəsinə sərilib qalmış erməni cəsədləri yolu-izi tamam bağlamışdı. Bu hadisənin səsi-sorağı, bir andaca bütün ətraf kəndlərə yayıldı. Yaxın-uzaq kəndlərdən tökülüb gələn adamların köməyi ilə meyitlər daşınaraq, Zəyəm çayının sahilindəki qoca qayın ağacının altında üst-üstə qalaqlandı. Onları bir gündə basdıra biləcək qədər qüvvə çatışmazlığı üzündən gözləməli oldular. Sonra ermənilərin heybələrini açıb-tökdülər. Heybələrdən, qızıl, brilyant sırğalı qadın qulaqları, qadın döşləri, kəsilmiş kişi qulaq və burunları çıxdıqca adamları dəhşət bürüyürdü.
Mumiyalanaraq, iylənmələrinin qarşısı alınan bu qulaq, burun və qadın döşləri, Ermənistandan baş götürərək qaçan türklərə (azərbaycanlılara) məxsus idi. Onlar Türkiyəyə keçmək istərkən, ermənilər tərəfindən Ağrı dağının ətəyində yaxalanmış və son nəfərinəcən güllələnmişdilər. Kəsdikləri qulaqları, burun və döşləri isə ermənilər, qiymətli bir əşya kimi özlərilə götürmüşdülər ki, bununla türklərin sinəsini bir daha dağlasınlar... (Bu fakt ixtisarla Zəka Vilayətoğlunun “Şah Ölüm ”romanından götürülüb –müəl.)
(Davam edəcək
)
)
Hiç yorum yok:
Yorum Gönder