Erməni onbaşını evindən oğurlayan, meyiti erməni əlində itən bəyin film kimi hekayətiLent.az-da
Lent.az Azərbaycan tarixinin mühüm mərhələlərindən olan qaçaqçılıq hərəkatına dair silsilə yazıların yaymlanmasına başlayır. Bu silsilədə ölkəmizin ayrı-ayrı bölgələrində müxtəlif vaxtlarda fəaliyyət göstərmiş qaçaqların həyatı, döyüş hekayətləri, taleyi və nəslinin davamı ilə bağlı məlumatlar, xatirələr yer alacaq. Jurnalist Əziz Əlibəylinin müəllifi olduğu silsilənin ilk yazısı Gədəbəydə rus-sovet işğalına və kolxoz quruculuğuna qarşı mübarizəsi ilə ad qoymuş Məcid ağa Şəkibəyovla bağlıdır. Yazının üçüncü hissəsini təqdim edirik...
Əvvəli: http://news.lent.az/news/178783
DOSYE: Mustafa ağa Şəkibəyov təxminən, XIX əsrin 70-ci illərində Gədəbəy rayonunun Şəkərbəy kəndində doğulub. Məşhur Məcid ağanın əmisi oğlu olmaqla yanaşı, 1918-20-ci illərdə erməni-türk savaşının əsas qəhrəmanlarından biridir.
Uzun müddət düşmənlərə qarşı mübarizə aparan Mustafa ağa bolşevik hiyləsi ilə həbs edilib və Bayıl türməsində vəfat edib.
Ermənilərə ilk qulaqburması
1918-ci ilin ilk aylarından Andronik Ozanyanın dəstələri Gədəbəyə doğru axışmağa başlayır.
Maraqlıdır ki, Gədəbəyi ortaya alan iki erməni kəndi - Çardaqlı və Başkənd arasında yerləşən bütün müsəlman kəndləri müdafiəsiz olmaqla yanaşı, hərəsi bir dərəyə səpələnib, nizamsız halda düzülüb.
Bu cür xaos düşmən üçün əsl imkan yaratmaqla yanaşı, yerli camaatın müdafiə mövqeyini də zəiflədirdi.
Artıq silahlanmış erməni dəstələrinin gəlməsindən xəbər tutan yerli ermənilər də müsəlmanlara qarşı planlar qurur, əraziləri bölür, mal-qaranın haqq-hesabını aparır.
Bir gecə isə Mustafa ağanın kəndinə bədbəxtçilik düçar olur.
Ermənilər yaylaqda Şəkərbəylilərin çobanını güllələyərək, sürülərini Başkəndə qədər qovurlar.
Yurdumuzun içərisində əsl düşmən qalasına dönən quldur yuvasına hər hansı bir müsəlmanın girməsi mümkün deyil. Buna görə də qoyun-quzusu aparılmış əhalinin quruca şikayətdən başqa heç nəyə gücü çatmır.
Amma kəndin nüfuzlu adamı Mustafa ağa isə bu hadisənin əvəzi çıxılmadan rahat yaşamağın mümkün olmadığını elan edir.
Novo-Saratovkadan üzü Başkəndə (Ermənilər “Artsvaşen” adlandırır - müəl.) qədər yollarda bir nəfər də olsun müsəlmana rast gəlmək mümkün deyildi.
Uzun illərdən sonra ilk dəfə türk atlısı gecəyə qarışaraq, kəndə doğru irəliləməyə başlayır. Yolboyu tufan kimi əsib keçən atlı bir də Başkəndin ucqarında, ağacdan tikilmiş daxmanın önündə dayanır.
O gecə onbaşı Mesropun evdən aparılmasından ermənilər bir gün sonra xəbər tuta bilirlər. Mustafa ağa gecə təkbaşına əsgərlərin qoruduğu kəndə daxil olub, çobanı öldürtdürən erməni onbaşısını evindən çıxarıb aparır.
Bir səhər evdən heç kimin çıxmadığını görən qonşular, Mesropun arxasınca əsgər gələnədək gözləyir və bundan sonra qapını sındırıb içəri daxil olurlar.
Mustafa ağa Mesropu öldürmədiyi üçün hələ qırxı çıxmamış qadınına minnətdar olmalı idi. Ağa, sadəcə, qapıya kilid vurub, Mesropu aparmışdı.
Ermənilər Mesropun əvəzində apardıqları heyvanları qaytarmaqla yanaşı, qan bahası da ödəməyə məcbur edildilər.
“Maksim” qırmızılara qarşı
Sovetlərin qurulması ilə başlayan qolçomaq-bəy ovunun növbəti qurbanı dağ vüqarlı Mustafa ağa olur.
Onun Məcid ağaya qoşulmasının qarşısını almaq üçün Mustafa ağanı bu başdan aradan götürməyə qərar verirlər.
Fövqəladə Komissiyadan gələn nümayəndə birbaşa ağanın evinə yollanır. O, hər vəchlə ağanı əmin edir ki, narahat olmağa dəyməz. Sovet hökuməti ona qarşı çıxmayan ağalara toxunmur, əfv edir, islah edilib üzə çıxması üçün yardım edir. Mustafa ağa başa düşə bilmirdi ki, o hansı günahın sahibi idi və nə üçün repressiya edilməli idi?
Mustafa ağanın həbs edilməsi ilə bağlı göstəriş birbaşa Mərkəzdən gəlir: Mustafa ağa və ətraf ərazilərdə yaşayan əksinqilabçı ünsürlər bir nəfər kimi məhv edilməlidir.
Mustafa ağa Yaqublu ağaları ilə müzakirələrə davam etmək üçün gedir. Məcid ağanın başçılığı ilə başlayan mübarizəyə qoşulmaq imkanlarını müzakirə etmək üçün "Şah Talası"na yollanır.
Günlər sonra, Şəkərbəyə varid olan bolşevik qüvvələri Mustafa ağanı tapmayanda onun ailəsini girov götürür.
Mustafa ağa kəndə gəlir, idarədən gələn çağırış onu danışıqlara başlamağa vadar edir. Ailəsinin girovluqda qalmasına razı olmayan Mustafa ağa FK-ya gəlir.
Söhbət çox qısa çəkir.
Mustafa ağa sovet hökumətini “gədə-güdə hökuməti” adlandıraraq, hakimiyyəti qəbul etməkdən imtina edir.
Bundan yaxşı imkan olmadığını anlayan FK nümayəndəsi ağanın həbs olunması üçün göstəriş verir.
Qəflətən, ucaboy, div görünüşlü Mustafa ağanın üstünə 4 əsgər atılır.
Hirsli ağa bir göz qırpımında əsgərləri baş-başa vuraraq yerindəcə öldürür.
Mustafa ağa burda - ailəsini qurtarmaq üçün gəldiyi idarədə həbs edilir.
Bu həbslə hökumət Məcid ağanın gücünü yarıbayarı azaltmış oldu.
Çardaqlıda hadisə
Mustafa ağanı Şəmkir həbsxanasına aparırlar.
Şəmkir həbsxanasına gedən yol ermənilərin sıx yaşadığı Çardaqlı kəndinin düz ortasından keçirdi.
Kəndə girhagirdə Mustafa ağa, qürurunu pozmadan, onu silah qabağında aparan əsgərlərə üzünü tutub dedi: "Ay gədə, insafınız olsun, qollarımı açın, silahımı da verin özümə! Amanın bir günüdür, məni ermənilərin gözləri qarşısından qolları bağlı, silahsız keçirməyin!
Qorxmayın, mən sözümün ağasıyam, namərdlik eləmərəm! Kənddən çıxan kimi, yenə də silahımı alıb, qollarımı bağlarsınız!” Əsgərlər, Mustafa ağanın istəyinə etinasız
yanaşmaq istəyəndə, ağa bir daha xahiş etdi: “Əgər doğrudan da sizdə insan qanı, insan ürəyi varsa, məni düşmən qarşısında alçaldıb, o kafirləri mənə güldürməyin! İnsafınız, mürvətiniz olsun, açın qollarımı!
Ay allah köməyiniz olsun. İndi silahımı da verin özümə... Ay uşaq, ağciyər olmayın, Mustafa ağa namərdlik eləməz, dedim sizə...”
Mustafa ağanın qollarını açdılar və silahını da özünə qaytardılar. Ağa, həmişəki məğrur görkəmlə atını sürməyə başladı.
Kəndarası yolun sağ-sol tərəflərində düzülüb, gələn-gedənə göz qoyan erməniləri nifrətlə süzə-süzə, qamətini bir az da düzəltdi, silahını bir az da dik qaldırdı və irəliləyib,
əsgərlərin nəzarətilə kənddən çıxdı… (Bu fakt Zəka Vilayətoğlunun "Şah ölüm" romanından götürülüb).
***
Şəmkir həbsxanasında saxlanılan Mustafa ağanı heç nəyə məcbur etmək mümkün olmur. Bolşevik hakimiyyətini qəbul etməyən Mustafa ağanı Bakıya - gedər-gəlməz zindanına, Bayıl qalasına göndərirlər.
Şəmkir-Bakı qatarı Dəliməmmədli stansiyasından yola düşəndən az sonra qara atın belində, əlində tüfəng bir nəfər qatara basqın edir.
Əlindəki dolu onatılanı bütünlüklə vaqonlara boşaldır. Atla dəmir vaqona hücum çəkib Mustafa ağanı qurtarmağa çalışan şəxs, bütün qırmızı qüvvələrin dağlarda axtardığı, yüzlərlə rus əsgərini qanına qəltan edib, onlara əsl cəhənnəm yaradan Məcid ağa idi.
Mustafa ağanın həbsindən gec xəbər tutan Məcid ağa onu qurtarmaq üçün də gecikmişdi. Son fürsətini dəmir vaqonları güllələməklə ödəmişdi.
Bayıl türməsində ölüm
Mustafa ağa Bayıl türməsində başqa “xalq düşmənləri” ilə eyni kamerada saxlanır. İstintaq ağır və yorucu keçsə də dağ vüqarlı bu şəxsi əymək, təslim etmək mümkün olmur.
Təsadüf bu dəfə də onu Zaqataladan olan ləzgi dostu Muradla bu dəfə fərqli məkanda, Bayıl türməsində qarşılaşdırır.
Çox sonralar, Murad bu haqda deyərmiş ki, Mustafa ağa son günə qədər Məcid ağanın onu bu dördtərəfli cəhənnəmdən xilas edəcəyini gözləyirmiş...
Bayıl türməsində ortada dirəyin başında quraşdırılmış böyük dinamofonda hər səhər öldürülən “xalq düşmələrinin” adı səsləndirilirdi.
Yaz günlərinin birində radioda səsləndirilən elandan sonra Mustafa ağa artıq hər şeyin itirildiyini, son ümidin də yox olduğunu anlayır.
Radioda deyilirdi ki, uzun müddət Şura dövlətinə qarşı mübarizə aparmış, qolçomaq, quldur Məcid ağanın bandit dəstəsi ləğv edilib. Özü isə öldürülüb.
Mustafa ağa bu xəbərdən sonra istintaqa ifadədən imtina edir, verilən yeməyi yerə tökür və ac-susuz qalır. 8 gündən sonra ürəyi partlayır...
Bütöv mübarizənin həlqələrindən daha biri qoparaq qırılıb düşür.
Mustafa ağanın meyitini dəfn etmək üçün dustaqlardan birinə təhvil verirlər. Təsadüfmü, ya bilərəkdən, dustaq milliyyətcə erməni olur...
Erməni dustağın Mustafa ağanı dəfn edib-etməməsi də qaranlıq qalan məsələlərdən biridir.
Bəraət dövründə dustaq nömrəsinə uyğun olaraq qohumlarının axtardığı Mustafa ağanın dəfn edildiyi qəbrin boş olduğu, orda heç kimin dəfn edilmədiyi məlum olur.
Çox güman ki, erməni dustaq onun meyitini dəfn etmək əvəzinə dənizə atmışdı.
Bu işin ən pis tərəfi o idi ki, daşnaklara, ermənilərə qarşı mübarizənin əsas qəhrəmanı olan Mustafa ağa son mənzilə də erməni əlləri ilə, amma naməlum istiqamətə yola salınmışdı.
Məşədi Mehralının həbsi
Mircəfər Bağırovun Gədəbəy ağalarına qarşı apardığı müharibə demək olar ki, sistemli olaraq həyata keçirilir.
Əvvəlcə, Mustafa ağa aldadılaraq həbs edilir, sonra da bütünlükdə Yaqubluların fərd-fərd fiziki məhvini nəzərdə tutan əməliyyatlar başlayır.
Məcid ağanın əmisi oğlu Mustafa ağanın həbsindən sonra Bağırov "otryad"ın bütün qüvvələrini dağlarda mübarizəni davam etdirən Məcid ağaya qarşı səfərbər edir. Bundan qabaq isə mərkəzdə yaşayan və salamat qalan bir neçə əsilzadənin məhvi də nəzərdə tutulur.
Bunlarda biri də Mustafa ağanın qohumu Məcid ağanın qaynı, Qanlı Allahverdinin oğlu Məşədi Mehralı olur.
Bağırov Məşədinin gec-tez Məcid ağanın qaçaq dəstəsinə qoşulacağını təxmin etdiyi üçün onu qabaqlamağı qərara alır.
Şəkərbəydən sonra Mustafa ağanın yurdunu dağıdaraq ikinci kərə bu tərəflərə dönən qırmızı dəstənin bu dəfə gördüyü boş qalmış evlər olur.
Mehralı onları qabaqlayaraq kəndi tərk etmiş, naməlum istiqamətə yollanmışdı.
Bağırov dəqiq anlamışdı ki, artıq Məşədi Mehralı Məcid ağanın yanında qərar tutub.
Kəndi tərk edib, gedərkən cütçü Səfər "otryad"ın qabağını kəsir və Məşədi Mehralı olmasa da, əvəzində onun oğlunun yerini bildiyini söyləyir.
Bağırov Mehralının qohumu olan Nadir kişinin evini mühasirəyə alır və Məşədinin balaca oğlunu - Şiri tutur.
Şiri həbs edən Bağırov Mehralının üzə çıxması üçün bu vasitədən istifadə etməyə qərar verir.
Şirin həbs olunmasından xəbərdar olan Mehralı Hacıqasımlı kəndində məskunlaşır və oğlunun qaçırılması üçün tədbirlər görməyə başlayır.
Məhəmməd oğlu Müslüm kişinin evində gizlənən Məşədi Mehralı xəyanət nəticəsində düşmənlə baş-başa gəlir.
Müslümün evini mühasirə edən Bağırov onun təslim olmayacağı təqdirdə oğlunu güllələyəcəyini elan edir.
Məşədi Mehralı saxlandığı yeri tərk edir və silahını qoyaraq təslim olur.
Balaca oğlunun ölməməsi üçün təslim olan Məşədi dağlarda mübarizə aparan qohumlarına arxayın olaraq həbsdə gözləməyi üstün tutur.
Məhkəmədə
Qısa müddətdən sonra Məşədini hərbi məhkəmə mühakimə etməyə başlayır.
İttihamlar ağır və çox olur. Aylarla FK zirzəmilərində işgəncə verilən, dırnaqları sökülən Məşədi nəinki peşman olaraq təslim olur, əksinə, kinini-nifrətini, Stalinə və Sovet hökumətinə olan düşmənçiliyini açıq-aşkar ifadə edir.
Antisovet düşməni, mülkədar olmaqda, kəndliləri istismar etməkdə günahlandırılan Məşədi Mehralı nə az, nə çox - 25 illiyə Sibirin insan yaşamayan qarlı çöllərinə sürgün edilir.
Məhkəmədə son söz söyləmək üçün o, bütün şansını istifadə edir.
Bağırova müraciətində, 25 illik sürgündənsə, ən böyük arzusunun güllələnmə ilə əvəz olunmasını istədiyini deyir.
Xahiş nəzərə alınır, hökm dəyişdirilir və Məşədi Mehralı güllələnmə ilə cəzalandırılır.
Beləcə, Mustafa ağanın və dağlarda döyüşən Məcid ağanın daha bir yaxının fiziki məhvinə nail olurlar.
Şir Bağırovun məhkəməsində
12-26 aprel 1956-cı ildə Bakıda Şəhriyar adına sarayda Mircəfər Bağırovun məhkəməsi təşkil edilir.
Uzun illər hakimiyyətdə olmuş Bağırovdan narazı qalan kim varsa, hamısını istintaq prosesinə cəlb edirlər.
Zərərçəkmişlər arasında atası güllələnən Sultanov Şir Mehralı oğlu da var idi.
Atasının qatili ilə bağlı çıxış etmək üçün söz Şirə verildikdə o, bütün zalı şoka salacaq sözlər söyləyir:
- Kaş, Bağırov qədər hamınızda qeyrət olaydı. Sən düz etmisən, Bağırov. Düşmən düşməni məhv də edər, bağışlayar da. Məşədi Mehralı əsl kişi kimi öldü, Burda isə sizin günahınız yox idi, günahkar zaman idi ki, belə hökm vermişdi.
Bütün zal susur. Sükutu pozmağa heç kimin cəsarəti çatmır. Prosesə sədrlik edən Rudenko həyatında ilk dəfə düşmənin tərəfini saxlayan adamın nitqindən təəccüblənir.
Bu sükutu Bağırovun səsi pozur: "Mehralı da şir idi, sən isə şirin oğlu Şirsən".
Şirin əslində üstüörtülü şəkildə bolşevizmi ittiham edərək, Mircəfəri müdafiə etməsi proses iştirakçılarının xoşuna gəlmir və çılğın gənc cəld bir şəkildə salondan kənarlaşdırılır.
Ümumi gedişatın əleyhinə çıxış edən gəncin nitqi isə prosesin mətninə salınmır.
Bağırov güllələnmə ilə "mükafatlandırılır"...
(Davamı olacaq)
Hiç yorum yok:
Yorum Gönder