27 Aralık 2014 Cumartesi

Ədəbiyyatımızda böyük saxtakarlıq - Nəsiminin "erməni qəzəli" - Şok araşdırma

Daha bir azərbaycanlı şairə qara yaxmaqda davam edirlər. Özü də  “dəlil və sübut”u ilə birlikdə.
Həm də söhbət elə bir adamdan gedir ki, varlığı və kimliyi ilə insanlığın zirvəsində dayanır.
Onun təkcə fəlsəfəsi və dünyagörüşü və o ideyaların içində formalaşdırıb bəslədiyi kamil şəxsiyyəti  ona heç bir ləkəni yapışdırmağa imkan vermir.
“Fors-Major” layihəsində bu dəfə Azərbaycanın məşhur hürufi şairi Nəsiminin  yaradıcılığına aid edilən “Erməni” qəzəli haqqında danışacağıq.
İlk dəfə 1973-cü ildə ədəbiyyatşünas alim Həmid Araslının Nəsimi ilə bağlı ilə kitabı işıq üzü görür. Bu vaxta qədər, nəsimişünaslığın ortaya çıxarmadığı qəzəl ilk dəfə oxuculara təqdim edilir.
Maraqlıdır ki, xalqlar dostluğunu isbat etmək və erməni xalqının qədimliyini sübuta yetirmək üçün bu əsər əsl mənbə rolunu oynayırdı. Özü də bunu Nəsimi yazmışdısa, artıq təbliğatın haralara qədər nüfuz etdiyi aydın idi. Sonralar 1987-ci ildə Nəsiminin əlyazmalarından ibarət çap olunan “İraq divanı”nında bu şeir təfsirli halda çap edilir.
Qəzənfər Paşayev ilk dəfə Azərbaycan oxucuları üçün təqdim etdiyi İraq divanına daxil edilmiş bu şeir onun əlyazmaları içində, ayrıca  verilir.
Qeydə görə, Hələb şəhərində əldə edilmiş bu əsər Nəsimiyə aiddir. Bizsə bu yoldan çıxış edərək araşdırmağa başladıq.
Məsələyə münasibət bildirən professor Rəhim Əliyevin fikrincə, Nəsiminin adına təqdim edilən “Erməni” qəzəlinin ona heç bir dəxli yoxdur.
Alimin  dediyinə görə, hamının qəbul etdiyi Nəsimi  anlayışı daxilində bu cür primitiv şeiri təsəvvür etmək mümkün deyil:  “Nəsimi sevgi şairi deyil, O ideya şairidir. Şeirləri isə Nəimi haqqındadır.
Bütün qəzəllərinin xarakteri eynidir. Nəiminin üzünün təsvirindən başlayıb, sonda aqibətinin nəticəsi ilə bitirir. Amma bu gün Televiziyada da, elə “Nəsimi” filmində də onun sevgi şeirləri haqqında söhbət açılır”.
Doğrudan da Nəsiminin adı hallanan sevgi qəzəllərinin aqibəti haqqında düşüncələr olduqca dumanlıdır. Hürufi və ideoloq bir şəxsin sevgiyə dair qəzəl yazması, gözələ şeir həsr etməsi absurd fikirdir. Düşüncəmizi bir az da gücləndirmək üçün alimi dinləməyə davam edək:
“Nəiminin 12  xəlifəsi vardı. Onlardan biri də Nəsimi  idi. Onların əsas missiyası isə hürufizmi dünyada yaymaq idi. Nəsimi  çox dindar adamdır. Onun şeirləri Allah haqqındadır. Bu qədər ali  bir insanın hansısa bir erməninin qızına şeir həsr etməsi mümkün deyil. Çünki Nəsimi cismani şair deyil”.
Doğrudan da hürifilik haqqında ən yaxşı şeirlər müəllifini erməni qızı ilə bağlayan və bu səviyyəyə endirəcək bir səbəb tapmaq mümkün olmur.
İnsanın mücərrəd təsfiri ilə yanaşı Nəsmi üçün bu şeirin üslub xarakteri yoxdur. Baxmayaraq ki, hürufilər də İsanın xüsusi statusunu qəbul edirlər.
Çünki Nəsimi əvvəla monoteist şair idi. Müddəalarında tərsalarla bağlı müsbət düşüncələri yer alıb. Bir sözlə, Nəsimi çox ciddi adamdır.
Alim qeyd edir ki, Nəsimi həm də bir dərvişdir. Onlara isə eşq haqqında, qadınla bağlı düşünmək ilahi yasaqdır. DərvişlərAllaha görə hər şeyini paylaşır düşür dünyanı dolaşır.
Bəs erməni məsələsi Nəsimi yaradıcılığına necə  transfer edilib?
Nəsiminin əlyazmaları “kifayət qədər”dir. Rahim müəllim bildirir ki, Nəsiminin əlyazmaları çoxdur: “XIV əsrdən üzü bəri onun əlyazmaları var. Hər birinin arasında kifayət qədər fərq mövcuddur. Burda sadə bir məntiq var: Nəsimi vacib şəxs idi və çox məşhur idi. Ona görə də onun adına çıxılan əlyazmaların sayı-hesabı yoxdur.
Adicə araşdıranda  görmək olur ki, bir neçə Nəsimi var: “Qul Nəsimi”, “Seyid Nəsimi” kimi adamlar var. Təkcə, “Nəsihətnamə”nin üç əlyazması taplıb. Bunun heç biri Nəsiminin deyil axı”.
Araşdırmalara görə, 11 nəfər Nəsimi adından şair olub. Mümkündür ki, “Erməni” qəzəli də bu şairlərdən birinin imiş.
Alim qəzəllə bağlı daha maraqı bir versiya da bildirir: “Orta əsrlərdə ən yaxşı əsərləri müəllifləri yox, nəqqaşlar köçürüb, yazırdılar. Onlar əlyazmalara sevdikləri şeirləri də əlavə edirdilər”.
Mümkündür ki, bu mənfur qəzəl belə bir formada da əlyazmaya pərçim edilə bilərmiş.
Bir az da Nəsiminin dərvişliyindən danışaq. Hürufi şair, ekstaz şairi olub. İdeyalarının zirvəsində Allaha qovuşan bir şəxs imiş. Onun insanlara təbliğ etdiyi ideyalar birbaşa Allahla İnsan arasında əlaqə yaratmağa xidmət edirdi.
32 hərflə kod yaradan hürufilər məhz bu ekstazı təbliğ edirdi. Sözdən əvvəl Allahın yanında olduqlarını deyirdilər. Bir sözlə, şair lövhü-məhfuzda yazılan sözləri deyirdi.
O Nəimidən sonra ideyanı yaymaq missiyasını güdürdü. Nəinki, hansısa bir qadına şeir həsr etməyi.
Son olaraq daha bir arqumentə də nəzər salsaq pis olmaz.
Bu  qəzəl Türkiyəli tanınmış tədqiqatçı  Hüseyn Ayanın 2002-ci ildə Ankarada Türk Tarix Qurumu tərəfindən buraxılmış Nəsimi divanının 2 cildlik  tənqidi mətnində yoxdur.
Anladınız yəqin, türklər bu işdə bizdən daha geniş imkanlara malikdirlər. Olsaydı çap edilməmiş qalmazdı.
İndi isə gələk sözügedən qəzələ
(Mənbə kimi bax - İ.Nəsimi "Seçilmiş əsərləri" ("Maarif"- 1985, tərtibçi Əlyar Səfərli, səh.87):
Dərdmənd etdin məni, ey dərdə dərman erməni,
Olmuşam eşqin yolunda bəndəfərman, erməni.
Nə pəri, nə adəmi bu şəkl ilə mən görmədim,
Cənnəti hurimisən, yoxsa ki, rizvan, erməni?
Anca kim, səy eylədim nazik cəmalın görməyə,
Zərrəcə yumşalmadın, ey könlü zindan erməni.
Örtgil ol ay üzünü kim, çeşmi-naməhrəm görər,
Yoxsa ki, dindən dönər çox-çox müsəlman, erməni.
İsayi-Məryəm həqiçün heç qərarım qalmadı,
Didəmi giryan edərsən, bağrımı qan, erməni.
Qorxuram mən dərvişə sən deyəsən din tərkin et,
Necə ki, bağladı zünnar Şeyx Sənan, erməni.
Handa bir xaç əhli varsa qamusun seyr eylədim,
Bulmadım mən sən təki bir cani-canan, erməni.
Bir sual etdi Nəsimi sən büti-mehparədən,
Lütf ilə söyləşə gör, ey ləli xəndan, erməni. 
Bu sözlərdən sonra bizə ancaq təəssüf etmək qaldı.
Barı, bundan sonra belə etməyək.

 

Daha ətraflı:http://atvxeber.az/news/fors-major/9914-edebiyyatimizda-boyuk-saxtakarliq
Atvxeber.az saytında yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi vacibidir.

21 Aralık 2014 Pazar

Babadağda səngər, NKVD-nin tələsi, Təngə döyüşü - QAÇAQ HEKAYƏTİ

Atasının ölümündən sonra Qaçaq Mayılın oğlu da sovetlərə qarşı vuruşmuşdu... 
Lent.az Azərbaycan tarixinin mühüm mərhələlərindən olan qaçaqçılıq hərəkatına dair silsilə yazıların yaymlanmasına başlayır. Bu silsilədə ölkəmizin ayrı-ayrı bölgələrində müxtəlif vaxtlarda fəaliyyət göstərmiş qaçaqların həyatı, döyüş hekayətləri, taleyi və nəslinin davamı ilə bağlı məlumatlar, xatirələr yer alacaq... 
DOSYE: Qaçaq Mayıl — XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərbaycanın şimalında ermənilərin və XI Qızıl Ordunun Azərbaycanın müxtəlif rayonlarına, o cümlədən Qubaya hücumlarının qarşısını alan mühüm şəxslərdən olub. Qaçaq Mayılın Azərbaycan Xalq Cümhuriyyətinin fəalları ilə sıx əlaqə və dostluq münasibətləri vardı. O, Məhəmməd Əmin Rəsulzadənin yaxın dostu idi. M.Ə.Rəsulzadə Lahıcda qaldığı vaxtlarda ona yardım edib. O, həmçinin M.Ə.Rəsulzadənin Azərbaycanı tərk etməsində də iştirak edib. Qaçaq Mayıl 1924-cü ildə qətlə yetirilib.
***
...Gecənin bir vaxtı Babadağa xəbər göndərilir.
Göndərilən xəbərin muştuluğu o qədər ağır olur ki, xəbəri aparan adam nəmərə üç  yəhərli-yüyənli at aparıb gedir.
XIX əsrin 60-cı illərində Quba qəzasında, Qonaqkənddə Zahir kişinin ailəsində oğlan uşağı dünyaya göz açır (Başqa mənbələrə görə, Qaçaq Mayıl Qonaqkənddə yox, Buduq kəndində doğulub. O zamanlar yerli əhali arasındakı qan düşmənçiliyi körpə Mayılı da ailəsi ilə birgə doğma kəndini tərk edib, başqa yerə köçməyə məcbur edir - müəl).
Uşağın adını Mayıl qoyurlar.
Zahir kişinin sevinci birə-beşə artır. O dövrün qaydalarına görə, oğlan övladı düşmən çomağı, güc, döyüşçü, bir sözlə hakimiyyət demək idi. Ona görə də Mayıl Zahir kişinin başını Babadağ qədər uca etmişdi.
Qonaqkənddə boy atıb, zabitəli, qoçaq adamlardan birinə çevrilən Mayıla tezliklə Quba qəzasına nəzarət edən çar nümayəndəsinin təqdimatı əsasında yüzbaşı rütbəsi verilir və o, xidmətə alınır.
Burda yurd salan Mayıl düşmənlərinin çox olmasını nəzərə alıb qonşu dağlara tərəf, Xaşı kəndində iqamətgah tikdirir və orda yaşayır (Sonralar evi bolşeviklər yandırır. Bir müddət sonra  yanmış evi bərpa edib orta məktəbə çevirirlər-müəl).

Müsavat hakimiyyətə gəlir

Mayıl 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Qonaqkənddəki xəzinədarı kimi ad qazanır.
Maraqlı məqamlardan biri də odur ki, Mayılın oğlu İbrahim AXC ordusunun əsgəri kimi Yalama stansiyasında xidmət edib. 1920-ci ildə bolşeviklərin Samur çayını keçdiyi gün özbaşına qalan ordunu tərk edir və atasının yanına qayıdır.


HAŞİYƏ: Mircəfər Bağırov, Qəzənfər Musabəyov və İbrahim Zahirov Quba Ali ibtidai məktəbində eyni qrupda təhsil alıblar. Qəzənfərlə İbrahim dayı-bibi oğlu olublar. Mircəfər isə Qəzənfərin süd qardaşı olub. Mircəfərin anası erkən vəfat etdiyi üçün ona Qəzənfərin anası süd verib. Həyat yolları əvvəldə kəsişən üç məşhur şəxs sonda qatı düşmənə çevrilirlər.

Soyqırım zamanı, Təngə dərəsi döyüşü

1918-ci ildə Şamaxını viran qoyan daşnak generalı Hamazasp Qubaya keçmək, Dağıstana, Xasavyurta qədər arada olan kəndlərin sakinlərini qırmaq üçün hərəkətə başlayır.
Güclü ordusu olan ermənilər Şamaxıdan dağ yolu ilə Təngə dərəsinə çatır. Amma erməni kəşfiyyatı onlara pis xəbər gətirir: Dağ yollarında, keçidlərdə və tikililərdə sayı bilinməyən yerlilərdən ibarət silahlılar yerləşib. Başçıları da Müsavatın qulluqçusu Mayıl Zahirovdur.
Ermənilər 1837-ci ildə Quba üsyanı zamanı baş vermiş döyüşdə “Tenginskiy polk”un məhv edilməsindən xəbərdar idilər (Həmin döyüşdə poruçik rütbəli məşhur rus şairi Lermontov da güllələnmişdi-müəll). Xəbərin şokundan ayılmayan ermənilər növbəti bəd xəbəri Laçından alır. Ermənilərin Qarabağa keçməsinə icazə verəcəyini deyən Sultan bəy dar dərədə erməni ordusunu sonuncu adamına kimi məhv etmişdi.
Bütün bunlara baxmayaraq, qüvvələrin nisbətini ayırd etmək üçün kiçik yoxlama döyüşü olur. Həmin döyüşdə iştirak etmiş “Cəllad” adlı kişi qarşı tərəfin çox böyük itki verdiyini danışırmış.
Bundan sonra, baş verənləri analiz edən Hamazasp Təngə dərəsində Mayıla yem olmamaq üçün geri addım atır.

Şimaldan əsən külək

Azərbaycan milli istiqlal hərəkatının fəallarından biri də Həmdulla Əfəndi Əfəndizadə idi.
O, Quba qəzasından AXC parlamentinə üzv seçilib.
1920-ci ilin aprelində AXC süqut edir. Həmdulla Əfəndi də Bakını tərk edərək Qubaya qayıdır...
Samur körpüsündən ölkəyə keçən qırmızı ordunun qarşısını almaq üçün Yalama stansiyasında naməlum komandirin əmri ilə dəmir yolunun relsləri sökülür və bir həddə daş qalaqları ilə istehkam qurulur.
Qırmızı orduya müqavimət göstərən dəstə Həmdulla Əfəndiyə onlara rəhbərlik etməsi üçün xəbər göndərir. Həmdulla Əfəndi hər şeyin itirildiyini bildiyi üçün ona ünvanlanmış müraciətə cavab vermir.
Bundan sonra, yerli sakinlər və əsgərlər Həmdullanın atası Əfəndi kişinin yanına gəlirlər.
Sakinlərin nüfuzlu şəxs kimi tanıdığı Əfəndi baba yaşlı olmasına rəğmən məsuliyyəti öz üzərinə götürür: “Əfəndi ocağına gələn əliboş qayıda bilməz. Düşmən yaxındadır. Döyüşə hazırlaşın”.
Atasının bu addımından sonra Həmdulla silahlılara başçılıq etməyə razılıq verir. Əfəndi babanın müraciəti ilə Mayıl da onlara qoşulur.

İlk döyüş və qardaş savaşları

Yalama stansiyasında döyüş tez bitir. Məğlub olan anti-inqilabçı dəstənin rəhbəri Mayıl (Həmdulla Əfəndi rəhbərliyi ona həvalə etmişdi-müəl) müqaviməti dayandırmaq barədə müzakirələr aparır. Amma Mayılın AXC ordusunda xidmət edən oğlu İbrahim buna etiraz edir. Qərara etiraz edənlərin çoxluğu səbəbindən ikinci döyüş üçün yer seçilir.
Bu dəfə Dəvəçidə, Sarvan stansiyasında relslər sökülür. Silahlılar mövqe tutur. Günortaya yaxın qırmızı ordunu gətirən qatar nəhayət gəlir. Sökülmüş relslər, qurulmuş barrikadalar və silahlanmış sakinlər...Ordunun hərəkəti dayandırılır.
Qatardan səsgücləndirici vasitəsi ilə müraciət edilir:
- Atmayın, sözümüz var!
Silahlar endirilir, bir qədər sonra qatarın qapısı açılır və əlində səsgücləndirici olan şəxs sözünə davam edir:
- İbrahim, mənəm. Yol verin, sizinlə işimiz yoxdur. Siz də bilirsiniz ki, qarşımızı kəsməyiniz Türkiyəyə ziyandır. Biz Anadoluya gedirik, yol verin. Vuruşsanız sizə ziyan olacaq. Qırmızı orduya qalib gəlmək mümkün deyil.
Hər kəs şoka düşür. Qatardan silahlılara müraciət edən şəxs Həmdulla Əfəndinin dayısı oğlu, İbrahimin məktəb yoldaşı və Mircəfərin süd qardaşı Qəzənfər Musabəyov idi...
Q.Musabəyov müraciətini bitirəndən sonra, qatara qayıdır. Bu ərəfədə hikkəsini boğa bilməyən İbrahim qatara güllə atır. Və bununla da, döyüş başlayır. Pulemyotlardan atəş açan ruslar qısa vaxt ərzində dağınıq halda hücum edən yerli əhalini sıxışdıra bilir. Dəstəyə rəhbərlik edən Mayıl məğlub olduqlarını görərək sağ qalanlarla birlikdə Babadağa çəkilir.
Ölkəyə rəhbərlik Nəriman Nərimanova yerli əhalini əldə saxlamaq üçün Həmdulla Əfəndiyə toxunulmazlıq verir. Əksinqilabçı Mayıl isə Qaçaq Mayıl adı ilə mübarizəsinə davam edir. M.Ə.Rəsulzadənin Lahıcda qaldığı vaxtlar hər gün onunla görüşür, onu zəruri sənəd və məktublarla təmin edir. Onun Dağıstana keçirilməsi planı Mayıla tapşırılsa da, plan baş tutmur.
Mayıl təslim olması barədə təkliflərə rədd cavabı verir. Maraqlıdır ki, 20-ci illərin ortalarına qədər gizli fəaliyyət göstərən Müsavatın özək təşkilatı Mayıldan müqavimət göstərməyə davam etməyi xahiş edir. Mayıl təslim olmadıqca, ətrafına toplaşanların sayı artmağa başlayır.

Hüsü Hacyev gəlir

Quba İcraiyyə komitəsinin rəhbəri Hüsü Hacıyev 4 nəfərlə birbaşa Qonaqkəndə, Mayılın görüşünə yollanır. Neycə meşəsindəki iqamətgahında gecədən xeyli keçənə qədər görüş davam edir. Qaçaq Mayıl qonaqların şərəfinə süfrə açdırır. Süfrə başında hörmətsizlik olar deyə, söhbət açılmır.
Amma sonda Hüsü Hacıyev rəsmi əmrlə möhürlənmiş məktubu Mayıla uzadır. Qaçaq Mayıl ətraf dağların nəzarətçisi təyin edilir. Qonaqlar yola salınır.
Amma Hacıyevin dəstəsinin Qubaya çatması ilə mühasirəyə düşməsi bir olur. Qaçaq Mayıl ordaca mövqeyini elan edir. Hüsü Hacıyev Bakıya əliboş dönür...

NKVD PLAN QURUR

Hüsü Haciyevin əliboş qayıtması mərkəzi hakimiyyəti narazı salır. İşi bitirmək üçün NKVD-yə tapşırıq verilir. Plana görə, Qaçaq Mayılın dəstəsində fikir ayrılığı yaradılmalı və onun dəstəsi çökdürülməliydi. Qaçaq Mayılın oğullarından biri öldürülür. Az sonra şayiə yayılmağa başlayır ki, guya Mayıl özü oğlunu öldürdüb. Şübhəli xəbərlər digər oğullarına da çatır.
Mayılın ətrafında inamı sarsıdan NKVD onun axırına çıxmaq üçün son həmləyə başlayır.
Qaçaqların arasındakı casus xəbər verir ki, 1924-cü il mayın 24-ü Mayıl Dədəgünəşə -Həzrət babanı ziyarətə gedəcək. Babadağda son ziyarətini edən Qaçaq Mayıl geri qayıdarkən, Utuq dərəsində tələyə düşür. Qabaq qayadan beşatılanla hədəfə alınan Mayıla iki güllə dəyir.
NKVD-nin planı baş tutur, Mayılın qətli isə guya ondan narazı qalan oğullarının üstündə qalır. Mayılın meyitini Xaşı kəndinə gətirib, pirin yanında dəfn edirlər.
Amma illər sonra bu qəbir ona dəyən güllələrdən tanınmaz hala düşür. Hər gecə naməlum şəxslər qəbir daşını güllələyib nəyinsə heyfini çıxırlar.

Qaçaq Mayıldan geridə qalanlar...

Qaçaq Mayılın öldürülməsindən sonra sağ qalan üç oğlu Babadağa çəklilir və burda mübarizəni davam etdirir. Elə burdan da, ikinci bir qaçağın adı dillərə düşür. Qaçaq Mayılın böyük oğlu Qaçaq Osman sovet hakimiyyətinə qənim kəsilir.
İşə bu dəfə də NKVD müdaxilə etməli olur. O zaman Qonaqkənddə olan yerli NKVD nümayəndəsi Osmana tələ qurur. Osman hazırlanmış sui-qəsd nəticəsində ayağından yaralanır. Babadağda “Mayılın kahası” adlanan yerdə yaşamağa məhkum olur.
Amma NKVD ondan əl çəkmir. Qışın çovğununda Babadağa, Osmanın arxasınca silahlı dəstə göndərilir. Ancaq dəstə üzvləri soyuqda donur və heç kim geri qayıtmır.
Bundan sonra , NKVD sonuncu varianta əl atır. Ərazinin yaşlı əfəndisinin ailəsi girov götürülür. “Osman təslim olmasa, əfəndinin ailəsi güllələnəcək” şərti irəli sürülür.
Əfəndi dağa yollanır. Yaralı Osmanı müalicə adı ilə evlərinə dəvət edir. Şübhələr dolu həyat yaşayan Osman ona inanmamasa da Əfəndi and içərək onu inandırır və kəndə gətirir. Baba dərəsində  əfəndi Osmandan yaralı olmasını bəhanə gətirib tüfəngini alır. Tərki silah edilmiş Osman xəyanət nəticəsində ələ keçir. Osmanı ələ keçirib müalicə etdirən hökumət humanist rol oynamağa davam edir. Ölkənin müxtəlif yerlərində təşkil edilən sirklərin sonunda Osman səhnəyə çıxarılır və Sovet dövlətinin sarsılmazlığı mədh edilir. Qısa vaxtdan sonra, dağda qalan İbrahim və digər qardaşı da həbs edilir.
Məhkəmə hər üç qardaşı Kazana sürgünə yollayır.

Diriykən ölü kimi yaşamaq

1933-cü ilin yayında Bakıdan gələn qatar Xaçmazda yolüstü dayanır. Əlində boz həbsxana çantası olan cavan oğlan qatardan düşür. Qonaqkəndə yol alan poçt arabalarına tərəf addımlayır. İllər sonra, onu tanıyacaq kimsənin olmadığını zənn edən şəxs yanılmışdı. Yanaşdığı ilk arabaçının ona qıyqacı baxışı hər şeyi ifadə edirdi. Qərarında qəti idi.
Bakıya qayıdan qatara minərək Xaçmazı tərk edir...Bakıda sinif yoldaşı Mir Cəfər Bağırovla görüşür və ad, soyadını dəyişən İbrahim Gürcüstan SSR-nin vətəndaşı üzü Qazaxa yola düşür. İllər sonra, Poylu stansiyasında işləyən İbrahim kişini tez-tez görmək mümkün idi.
Qonaqkənddə yaşayan zaman İbrahim evli idi və orda onun iki oğlu dünyaya göz açmışdı. 50-ci illərin əvvəllərində onun Qonaqkənddəki ailəsinə bir məktub göndərilir.
Xəttin İbrahimə məxsus olduğunu görən ailə üzvləri  bunu aşkar etmirlər.
Bir gün Qonaqkəndə neft satan bir kişi gəlir. Həmin neft satan kişinin İbrahim olduğunu ailəsi heç vaxt bilməyəcəkdi.
Ən qəribəsi o idi ki, Dağıstandan Əli-Bayramlıya qışlağa gələn qoyun sürülərinin çobanlarından ikisi İbrahimin qardaşları imiş. “Engels” kolxozunun çobanı kimi Qonaqkəndə gələrək ata yurdlarına baş çəkirlərmiş.
Amma bundan xəbər tutan Bağırov qardaşlara son dəfə xəbərdarlıq edir və bir daha onları orda görən olmur. 70-ci illərdə İbrahimin Qonaqkənddə yaşayan oğlu Əbülfəz müəllimə belə bir məktub gəlir: “Atan sağdır, gəl görüş”. Qazaxdan köçən İbrahim kişi orda evləndiyi ailəsi ilə Qobustanda məskunlaşır.
Elə bu zaman yaşlaşan İbrahim uşaqlarını yığıb vəsiyyətini elan edir. Kim olduğunu, Qaçaq Mayıl haqqında, qardaşı Osman haqqında və Qonaqkənddəki ailəsi haqqında hər şeyi danışır. Əbülfəz müəllim onu Qonaqkəndə aparmağa çalışsa da, AXC-nin əsgəri, Sovet qaçağı Qonaqkəndə qoca, gücsüz halda getməkdən imtina edir.
Qazaxda doğulan oğlu isə çox maraqlı bir faktın üstünü açır: “İldə bir dəfə atamın yanına iki çoban gələrdi. Birisi ayağını çəkirdi. Gecələr əyləşib səhərə kimi nə haqdasa danışardılar. Onları bizim evdə yalnız mən görürdüm. Çünki onlara çay aparır və yanlarında durmadan da qayıdırdım”. Güman ki, qardaşlar 50-ci illərə kimi görüşürlər.
Daha maraqlı bir fakt  isə Mir Cəfərin həbs edilmədən öncə ona baş çəkməsidir.
Sonuncu dəfə onun yanına gedən Bağırov İbrahimə M.Ə.Rəsulzadə haqqında son bilgilərini verir.
P.S. Qaçaq Mayılın qızı Seyrə Zahirova hazırda Sumqayıt şəhərində yaşayır. 5 övladı, 29 nəvəsi var. 90 yaşlı S.Zahirova 67 ildən artıqdır ki, doğma rayonunu və doğma Qonaqkəndi tərk edib. Hazırda onun Qonaqkənddəki ata mülkündən orta məktəb binası kimi istifadə olunur.
(Yazının hazırlanmasında göstərdiyi köməyə görə, doktor Tofiq Nurəliyə təşəkkürümüzü bildirirk -müəllif)

(Ardı var)
 
Oxunub
2382 dəfə
Tarix
11.10.2014 / 16:00

Ruslara təslim olmayan ağanın heyrətamiz sonu: “Məcidi Məcid vurdu”... – QAÇAQ HEKAYƏTİ – IV YAZI


Erməni komandirin uydurma ssenarisi və dağlarda sona çatan bəy ömrü 
Lent.az Azərbaycan tarixinin mühüm mərhələlərindən olan qaçaqçılıq hərəkatına dair silsilə yazıların yaymlanmasına başlayır. Bu silsilədə ölkəmizin ayrı-ayrı bölgələrində müxtəlif vaxtlarda fəaliyyət göstərmiş qaçaqların həyatı, döyüş hekayətləri, taleyi və nəslinin davamı ilə bağlı məlumatlar, xatirələr yer alacaq. Jurnalist Əziz Əlibəylinin müəllifi olduğu silsilənin ilk yazısı Gədəbəydə rus-sovet işğalına və kolxoz quruculuğuna qarşı mübarizəsi ilə ad qoymuş Məcid ağa Şəkibəyovla bağlıdır. Yazının dördüncü - sonuncu  hissəsini təqdim edirik.


1930-cu il Gədəbəydə antisovet mübarizəsinin son ili kimi yadda qalır. Mustafa ağanın həbsi, Yaqublu dərəsinə doğru axıb gedən rus silahlı qüvvələrinin son dayanacaq yeri dağların qurtaracağı idi. 1929-cu ilin qışından başlayan döyüşlərə bu yollarla sıravi addımlarla, nizamlı şəkildə gedən bir çoxlarının az sonra meyitləri qayıdırdı.
Dağlarda böyük və son döyüş başlamışdı. Sadəcə, o dövrün sənədlərini oxuduqca nələrin baş verdiyini əsl mənada anlamaq mümkün olur.
Moskva mətbuatı susmur, ermənilər bir yandan qisas hesabı aparır, Bağırov isə əyləşdiyi Bakıdan köhnə tanışı Məcid ağa ilə vidalaşmağın yollarını arayırdı.
Sovet hakimiyyəti qurulduqdan sonra, keçmiş çar pristavı, naçalnik-uezd Məcid ağanın fiziki məhv edilməsi qərara alınır. Bundan əvvəl ona könüllü şəkildə təslim olmaq təklifi edilsə də, o, bu təklifi qəbul etmir. Türkiyə və İrana keçmək imkanlarına rəğmən, dağlara qalxıb, son döyüşə hazırlaşır...

Bağırov tab gətirmir, Moskva mətbuatı "Leytenant Kelli və Məcid ağa - 1930" sərlövhəsi ilə yayımlanır.

SƏNƏD

Əslində hər şey aydındır. Qafqazda əksinqilabçılara qarşı əməliyyat xüsusi xidmət orqanları tərəfindən nəzarətə götürülüb. Azərbaycanın Gədəbəy şəhərinin Çay Abbası (indiki adı Avasalı - müəl.) yaşayış məntəqəsində milliyyətcə türk olan onlarla dinc əhali öldürülüb, səhra komandirləri Musa və Məcid qaçıblar, araşdırma başlanıb. Bölük komandiri, baş icraçı Arbuzov əməliyyatdan 3 gün sonra qəribə şəkildə həlak olur. Hadisələr 1930-cu ildə baş verir. Rusiyanın mərkəzi mətbuat orqanlarında dərc olunan sənədlər sübut edir ki, hərbi-inqilab qüvvələri bu işdəki yarıtmazlıqlar üçün Mircəfər Bağırovun da daxil olduğu “siyasi üçlüyün” (Bağırov, Axundov, Sumbatov) məsuliyyət daşıdığı barədə yuxarı orqanlara məruzə edirmiş.

Məcid ağanın yaraladığı erməni marşalı

1930-cu ilin kampaniyasında Məcid ağa və onun qaçaq dəstəsinin ləğvi üçün ayrılan qoşuna rəhbərlik edənlərdən biri də məşhur erməni marşalı Amazasp Babacanyan olur. Uzun illər sonra Babacanyanın çap etdirdiyi xatirələrində bu döyüşlər haqqında təkzibedilməz faktlar yer alır.
DOSYE: Babacanyan Amazasp Xaçaturoviç 1906-cı ildə Şamxor qəzasının Çardaxlı (Başqa adla Çənlibel - müəl.) kəndində doğulub. 8 yaşına qədər çobanlıq edib. SSRİ qurulduqdan sonra İrəvan və Tiflisdə hərbi təhsil alıb. 1924-cü ildə komsomola daxil olub. 1928-ci ildə Tiflisdə hərbi məktəbi bitirib. 1929-cu ildə 7-ci Qafqaz süvari alayında vzvod (tağım) komandiri vəzifəsinə təyin edilib.
Və elə həmən il Gədəbəyə-Məcid ağaya qarşı vuruşan qoşuna siyasi tərbiyəçi kimi təhkim edilib.
Burda da ayağından ağır yaralanıb. Sonralar II dünya müharibəsində iştirak edərək erməni məkri və hiyləsi ilə daha da yüksək rütbələrə layiq görülüb, Kommunist partiyasının üzvü, Sovet İttifaqı Qəhrəmanı və Marşal rütbəsinə qədər yüksəlib. Azərbaycanlılara qarşı xüsusi nifrəti ilə seçilib.
1977-ci ildə vəfat edib.

Marşal Babacanyanın xatirələrində yer alan qaçaqlara qarşı mübarizə ilə bağlı hissəni təqdim edirik:
1930-cu il. Komandir xidmətinə başladığım top batalyon bölüyü Məcid Yaqublunun qolçomaq quldur dəstəsinin ləğvi üçün Gədəbəyə göndərildi. Bu quldur dəstəsi kolxoza daxil olan kəndlilərə hücum edir, sovet müəssisələrində işçiləri, partiya fəallarını  öldürürdü.
Bölük yeni və təcrübəli komandirlərdən təşkil olunub, ona görə ki, bu tapşırıq çox çətin idi. Quldurlar Qara dərəsi (Qara qaya - müəl.) və Keçi dərəsində (bu adlar indiki Gədəbəy ərazisində yaylaq adlarıdır - müəl.) gizlənirdilər.
Qışda qar yağanda bu dərələrə getmək qeyri-mümkün idi. Qar örtüyünün hündürlüyü bir neçə metrə çatırdı və üstəlik, qar uçqunları təhlükəsi də olur. Dərənin hər iki tərəfindəki qayalar bir neçə metrlik uçuruma malikdir və qaya daşları dərənin dibindən başlayıb düz dağ silsiləsinə kimi uzanır. Dərəyə 2 qaya arasından olan giriş çox ensizdir, haradasa 30-40 metr məsafəsi var. Quldurlarsa yuxarıda, bizim görə bilməyəcəyimiz yerdədir. Biz isə sanki onların ovcundayıq.
Bütün gün ərzində cəmisi bir neçə addım ata bilmişik. Lakin çox insan itirdik. Hətta bir gündən sonra bölüyün yeni komandiri A.Arbuzov həlak oldu. Quldurlar bizi güclü pulemyot atəşinə tuturdular. Arbuzov isə sanki ölümdən qorxmamış kimi rotadan - rotaya keçirdi. Güllələr onun yanından ötür, o isə heç əhəmiyyət də vermirdi. Bir insanda bu qədər şücaət hardan ola bilərdi? Döyüşçülər ona baxıb vəcdlə gəlib deyirdilər: “Deyəsən, Arbuzov sehrlənib”.
 Mən onu təqlid etməyə çalışsam da bu heç cür alınmırdı.
Mən də onun kimi rotadan-rotaya  keçərkən kiminsə “Uzan!” komandasını eşitdim.
Baxanda gördüm ki, bu, bölüyün komandiri N.P.Nedviqindir.

- Bu nə dəlilikdir?! Niyə başını düşmənin gülləsi altına qoyursan! Ağıllı komandir elə hərəkət edir ki, düşməni məhv etməklə özü sağ-salamat qalır. Sən döyüşü təşkil etməyə çalış, yoxsa ki, toyuq kimi gülləbaran altında gəzmə!
Tezliklə bizim bölmədə əsl vəlvələ yaşanmağa başladı.
Deyəsən, düşmən snayperlərlə atəş açırdı. Hər hansı bir döyüşçümüz gözünü yuman kimi,  azca əsnəyən kimi artıq məhv edilirdi. Biz bölüyün komandir köməkçisi olan N. Belousla çox da böyük olmayan qayanın arxasında gizləndik. Güllələr bizdən yan keçirdi. Adam hətta burnunu da çölə çıxartmağa qorxurdu.
Birdən Arbuzovun gurultulu səsini eşitdik.
- Geriyə çəkildiniz? Düşməndən qorxdunuz? Guya siz qırmızı ordu komandirlərisiniz! Boş hay-küyünüz var, heç bir komandir deyilsiniz.
Əlimdə tutduğum binoklu alıb düşmən snayperlərinin hardan güllə atdığını güdməyə başladı. Bu arada, güllələr onun ətrafından vıyıldayıb keçirdi.
Belousa pıçıltı ilə dedim:
- Tez Yeremçuku çağıraq, onu yola gətirsin, yoxsa komandirimizi öldürəcəklər.
Yeremçuk sürünərək gəldi. Arbuzovu çağırmağa başladı:
- Komandir!
Arbuzov ya eşitmir ya da özünü elə göstərirdi ki, eşitmir.
- Komandir! - Yeremçuk bərkdən çığırdı.
- Komissar, yaxşı olardı sən özün gənclərə yaxşı nümunə verəydin...
- Yoldaş Arbuzov! – Yeremçuk hirslə sözünü kəsir.
- Əl çək! - deyərək, Arbuzov daha da yuxarı qalxır.

Elə bu an... gözlərimin önündə Arbuzov səssiz bir şəkildə yerə enməyə başladı. O qədər asta formada enirdi ki, elə bil kimsə onu əllərinə alıb idarə edir. Bu zaman Yeremçuk ona tərəf yaxınlaşdı, onu qucaqladı. Lakin Arbuzov gücsüz şəkildə onun qolları arasında uzanıqlı halda qaldı.
- Öldü, - Yeremçuk dedi və Arbuzovun cansız cəsədini torpağa qoydu.

- Bölük komandirliyini öhdənə götür. Lakin bundan nümunə götürmə.
Komandirliyi öz boynuma götürməli oldum.
Mən dəqiq başa düşürdüm ki, birbaşa irəli getmək dəlilikdir. Bundan əlavə, biz artıq 3 sutka idi ki, isti yemək yemirdik və küləkli, buzlu havada döyüşürdük. Mənim dağdan düşərək aşağıda insan məskunlaşmış əraziyə düşüb dincəlmək təklifimə Yeremçuk da razı oldu.
Əsgərlər dincələrkən mən Yeremçukla bu məsələni necə həll etməyi fikirləşirdik, lakin heç bir həll tapmırdıq. Səhər bölüyə yeni komandir gəldi və rotaya Qara dərənin qərbindən keçib hücum eləmək, yəni quldur dəstəsinin arxasından keçmək əmri verdi.
Bu tapşırığı yerinə yetirmək üçün rotaya bələdçi lazım idi. Bu çox xüsusi adam idi, gərək onun haqqında ətraflı danışam.
Quldur dəstəsinin ləğvi əməliyyatının rəhbərlik qərargahından mənə bildirdilər ki, bizim bələdçimiz olan şəxs quldur dəstəsinin başçısı olan Məcidin yaxın qohumudur. O, əvvəllər bu dəstənin tərkibində olub lakin sonradan mübahisələri düşüb.
O da sovet orqanlarına gələrək bildirib ki, bu gündən etibarən Məcid onun düşmənidir və Məcidin yaxalanması üçün öz köməyini təklif etdi.
- Necə zəmanət verə bilərsiniz ki, o şəxs  bizi də satmayacaq? - Mən  döşündə çekist nişanəsi olan komandirdən  soruşdum.
O, dedi:
- Heç kəs zəmanət verə bilməz, əlbəttə. Vəziyyəti nəzərə alıb, hərəkət edin. Sizin rotaya xüsusi tapşırıqlar bunlardır: arxadan hücum edərkən görsəniz ki, Məcidi tutmaq imkanınız var, o zaman tutun.
Bu şəxsi  etibarlılığına gəldikdə... – Çekist mənə tərəf baxdı - Özünüz bu yerlərdə qan intiqamının necə güclü olduğunu bilirsiniz.

- Lakin, - etiraz etdim - hazırkı vəziyyətdə qan intiqamından çox daha təhlükəli olanı qan qohumluğudur.
- Bəli, bu da ola bilər. Lakin Məcidin harda gizləndiyini bilən digər bələdçimiz yoxdur.

Bu söhbətdən sonra mən yerimə qayıtdım. Yeremçuk rotada qaldı, mənim bölüyüm isə getmişdi, hər şeyi həll etmək mənim boynumda qalmışdı.
Tezliklə bələdçini yanıma gətirdilər. O, rus dilində çox yaxşı danışırdı, birbaşa dedi ki, bizi Məcidin gizləndiyi yerə aparacaq və bununla da ona olan şübhələrim daha da artdı.
Təəssüf ki, bələdçimizin kim olduğunu döyüşçülər də bilirdi. Və onların dedi-qodulardan  xəbərləri olmaması üçün mən ona azərbaycanca cavab verirdim.
- Azərbaycan dilini hardan belə yaxşı bilirsiniz? – o, soruşdu.
- Mən sizin yerlinizəm, Çardaxlıdanam.
- Doğurdan? - O, sevindi və böyük məmnuniyyətlə azərbaycanca danışmağa başladı.

Mən onu buraxdım və dərhal bölük komandirinin köməkçisi Belousu çağırdım və əmr verdim ki, bələdçini gözdən qoymasınlar. Belous məni bir kəlmədən başa düşdü.
Tamamilə qaranlıq düşəndə biz uzun, on metrik zəncir kimi düzülüb hərəkət edirdik: öndə bələdçi, onun ardınca Belous, tapançanın tətiyindən barmağını çəkməyən mən, sonra isə bölüyün digər döyüşçüləri.
Çovğunlu qarda gedirdik. Tezliklə keçilməz, möhkəm bir qar örtüyünə düşdük. Onda bələdçi dayandı. Belous o dəqiqə ehtiyatla onun yanında dayandı.
- Qoy komandirlə danışım - bələdçi  ona dedi və mənim ona yaxınlaşmağımı gözlədi. –İnsanlara deyin, - küləyə üstün gələrək qulağıma qışqırdı - Qayanın qılıcından əyilməsinlər. Ətraflarda qar 8 metrdir. Ən yaxşısı qayanın altında balaca düşərgə salsınlar. Sonra başqa bir yerdə bunu salmaq olmayacaq.

Düşərgə saldıq.

- Siqareti burada çəkin - o  dedi. - Yuxarıda mümkün olmayacaq, görəcəklər.
Siqaret çəkdik.
O, azərbaycanca sakitcə dedi:
- Mən belə görürəm siz mənə inanmırsınız. Məni başa düşmürsüz. Ancaq yerliyik, inanmalısınız. Ola bilsin Məcidin yanına hava işıqlananda çatdıq, bu səfər o, sonadək gedəcək, mənim isə itiriləsi heç nəyim yoxdur...
- Necə yəni heç nə? - mən soruşdum.
Biz uzun müddət susduq. Sonra o qəflətən ayağa qalxdı.
- Getmək vaxtıdır, bir azdan hava işıqlanacaq. Qoy hamı ölü kimi səssiz və sakit getsin.
Biz getdik. O, bizi daha da yuxarı aparırdı. Döyüşçülərdən biri bir metr kənara çəkilən kimi dərhal qara yıxıldı və xoşbəxtlikdən onu çıxarda bildik.
Nəhayət, biz dağın təpəsinə çıxa bildik. Özümüzə gəlmək üçün dayandıq.
- Bax bu - bələdçi dilləndi - onun mövqeyidir və səhərlər sizə burdan atəş açır. İndi isə öz adamları ilə aşağıda, dərədə, mağarada gizlənir, ora istidir və orada gecəni də keçirtmək olar.
Mənim komandan olmadan atəş açmamaq əmrini verdim. Azca hava işıqlandı və qara nöqtələrin dağın yamacı ilə qalxdığını gördük. Biz nəfəsimizi dərmədən yerə uzanmışdıq. Artıq binoklla Məcidin adamlarının sifətini də görə bilirdik. İrəlidə əlində silahla kürən saqqalı kişi gedirdi.
Mən atəş açmaq əmrini verdim. Belous ilk atəşlə kürən saqqallını yerə sərdi. Sonra isə aşağıya düşüb dərəyə yan alan quldur dəstə üzvlərini izləməyə başladıq.
Lakin onların taleyi artıq həll olmuşdu. Biz onların ərzaqları, qocaları, qadınları, uşaqları və digər ailə üzvlərini gizlətdiyi mağaranı ələ keçirtdik.
Ailə üzvlərini dərhal 2 döyüşçü ilə aşağı endirdik. Özümüz isə Məcid də başda olmaqla sağ qalmış quldur dəstəsinin digər üzvlərinin izinə düşdük.
İrəlidə bələdçi  gedirdi, Belous isə artıq ondan asılıb qalmamışdı. Müstəqil hərəkət edirdi.
Artıq qaş qaralırdı, hücumu dayandırmaq lazım gəldi. Səhər bizi rabitə zabiti tapdı. İstiqaməti dəyişib Keçi dərəsinə getmək əmrini verdi. İş ondadır ki, Məcidə əsir düşmüş adamlar onun Keçi dərəsinə getməsi üçün çətin keçilən Qara dərədən gedəcəyini dedilər.
- Orada harada gizləndiyini bilirəm – bələdçi dedi - Mən sizi apararam.
Qurşağa qədər olan qarın içi ilə dağ yolu bizi gözləyirdi. Yuxusuz və yorğun idik, güclə yeriyirdik. Dağ silsiləsini keçəndə buranın niyə Keçi dərəsi adlandırılmasının əbəs yerə olmadığını gördük. Yalnız keçilər buradan yıxılıb boynunu sındırmadan irəliləyə bilər.
Bax, bu da axtardığımız mağara. Lakin artıq gecədir. Mağarada isə sakitlikdir.
Gözətçiləri düzürəm. Gecə çox həyəcanlı gözləntilər içərisində keçir.
Səhər isə mağaraya qışqırıb təslim olmalarını və çıxmaların təklif edirik. Cavabında isə səssizlikdir. Onda mağaranın girişinə atəş açmaq əmri verirəm. Bir neçə cavab atəşləri açılır. Aha, deməli onlar buradadırlar.
Hə nə olsun ki, buradadırlar, bəs onları oradan necə çıxardaq? Mağaradan yaxınlaşmağa cəhd edənlərə qarşı dəqiq atəş açılırdı.
Bütün günümüz belə keçdi. Axşama kömək üçün Rostovtsevanın başçılığı altında Xalq daxili işlər komissarlığının döyüş bölüyü gəldi.
- Nə onların nazını çəkirsən? - Rostovtsev dedi. - Gəl elə mağaranın içinə atəş açaq, qumbara ataq. Sənin ki ayrı çıxış yolun yoxdur.
Mən susdum sonra isə azərbaycanca dedim:
- Bələdçi, onlara de ki... Özün başa düşürsən... Yoxsa ki qumbara...
O, əlində saxladığı taxta parçasını sındırdı.
- Və nə olsun? Qoy oradaca da ölsünlər.
- Lakin o orada tək deyil...
Bələdçi ayağa durdu, mağaranın içinə qışqıraraq dedi:
- Ey insanlar! İt oğlunu orada atın və çölə çıxın, yoxsa hamınız öləcəksiniz. Bunu sizə mən deyirəm...
O saat atəş açıldı. Bələdçi ondan necə qorundu heç özüm də bilmirəm.
Etməyə heç bir şey yox idi. Əmr verdim, mağaraya qumbara uçdu. Gurultu səsi gəldi, mağara əks-səda verdi.
Bir neçə dəqiqədən sonra mağaradan dörd nəfər çıxıb silahlarını yerə atdılar. Bunlardan hiylə də gözləmək olardı. Mən soruşdum:
- Bəs qalanları hanı?
- Biz yalnız beş nəfər qalmışdıq. Beşinci Məciddir. O, oradadır. Ölüb - quldurlardan biri cavab verdi.
Bu vaxt bələdçi yaxına qaçıb yaxasından yapışdı:
- Bu düzdür?
- Düzdür, o özünü güllə ilə vurub.
Bələdçi qulduru özündən kənara itələyib qara endi və başını əlləri ilə tutdu.
Mağarada həqiqətən də Məcidin meyiti qalmışdı.
Quldur dəstəsinə son qoyuldu.
Mənə isə bədənimə girmiş güllə qaldı. Görünür, Yeremçukun məsləhətinə qulaq asmadım, həmin döyüşdə yaralanmışdım.
Sovet dövləti üçün yaralanmışdım. Qadınları isə casusluqda ittiham eləyib həbsə yolladılar.

Sonluq üçün

Bu son döyüş Babacanyanın yazdığı qədər də asan bitməmişdi. Görünür, erməni xisləti və öz xidmətini qabartmaq eqosu həqiqətə kölgə salmaqda az rol oynamamışdı.
Qara Qayada postu satqınların xidməti ilə ələ keçirən düşmən Məcid ağanı, bir də başqa bir satqının xidməti ilə Zodan dərəsində yerləşən “Çağala” yaylağında aşkar edirlər. İndiki adı “Məcid vurulan” adlanan qaya elə bir coğrafi nöqtədə yerləşir ki, oraya birbaşa çıxmaq mümkün deyil. Həmin vaxtlar qayaya çıxış yalnız onun qabağında bitən palıd ağacı vasitəsilə mümkün idi.
Məcid ağa isə buraya oğlu Cəmşid ağa və bacısıoğlu Qara Musa ilə gəlib məskən salıb.
Uzunmüddətli mühasirədən sonra, sağ çıxmayacaqlarına əmin olan Məcid ağa qəti qərara gəlir.
Oğlunu və bacısıoğlunu qayadan çıxarıb onların təslim olacağı təqdirdə sağ qalacaqlarına ümid edərək yola salır.
Amma düşmən bu fürsəti boşa vermir və Cəmşid ağa və Qara Musa tribunalın qərarı ilə güllələnməyə məhkum edilir.
Məşhur antisovet qaçağı Məcid ağa Şəkibəyov isə tək qaldığı qayada tüfənginin üstünə “Məcidi Məcid vurdu” yazaraq son gülləsini də ürəyinə vuraraq son nəfəsini də azad insan kimi verir.
Novruz bayramına az qalırdı. 8 mart 1930-cu il idi...
Meyit nümayiş üçün qoyulan yerdən oğurlanır və bir daha yerini müəyyən etmək mümkün olmur.
Məcid ağanın evi top atəşi ilə dağıdılır. Ailəsi sürgün edilir. Böyük oğlu, kürəkənləri güllələnir. Kiçik oğlu Ənvər internata atılır.
Digər oğulları İsay və İbrahim isə çox körpə olduqları üçün hesabları gələcəyə saxlanılır.

 
 
 
Oxunub
1762 dəfə
Tarix
04.10.2014 / 12:02